Ölkədə dövlət-din münasibətləri, tolerantlıq sahəsində dövlət siyasəti
Ölkədə dövlət-din münasibətləri, tolerantlıq sahəsində dövlət siyasəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdir.
Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən biri kimi tanınır. Respublikamızda heç vaxt milli və dini zəmində qarşıdurma baş verməmiş, qarşılıqlı etimada əsaslanan milli-mənəvi, dini münasibətlər hökm sürmüşdür. Bu gün isə Azərbaycanda multikulturalizm və tolerantlıq sahəsində uğurla həyata keçirilən dövlət siyasəti böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açmışdır. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi də dünya ölkələrinin Azərbaycandakı tolerant mühitə olan münasibətinin real ifadəsidir.
Xalqımızın hümanist dünyagörüşünü özündə əks etdirən multikultural və tolerant dəyərlər, ölkədə dövlət-din münasibətləri, dini radikalizm və ekstremizə qarşı mübarizə haqqında yuxarı sinif şagirdləri arasında Şuşa rayon İcra Hakimiyyəti bir sıra maarifləndirici tədbirlər həyata keçirir. Belə maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsi bu gun üçün vacib olan məsələlərdən biridir.
Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva və şöbənin əməkdaşları Bakı şəhərində yerləşən Şuşa şəhər məktəblərində şagirdlərin dərsə davamiyyətini öyrənmək üçün xüsusi reyd kecirmiş, eyni zamanda, 6, 7, 9, 10, 11, 12 nömrəli məktəblərdə ölkədə dövlət-din münasibətləri, tolerantlıq sahəsində dövlət siyasəti barədə maarifləndirici söhbətlər aparılmışdır. Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva və müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalqımızın multikultural və dini-mənəvi dəyərlərin qorunması, Azərbaycan Konstitusiyasında ölkəmizdə dinindən, irqindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən insanların etiqad azadlığının təsbit edilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsini diqqətə çatdırmışlar.
Din - istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Şagirdlərlə bu mövzuda maraqlı diskussiyalar aparılmışdır.