Vətən tarixi seminarlarına start verilmişdi
Vətən tarixi seminarlarına start verilmişdi
Mayın 12 –də “Vətən tarixi” seminarı Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilmişdir.Vətən tarixi seminarlarının məqsədi müasir Azərbaycan tarixi gerçəkliklərinin və ölkənin taleyində mühüm rol oynayan proseslərin interaktiv müzakirəsini, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını təmin etməkdən və bununla əlaqədar pedaqoji kollektivlərin fəaliyyətini gücləndirməkdən ibarətdir.
Tədbirdə millət vəkili Elman Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, eləcə də AMEA-nın Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev, BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayev, əməkdar müəllim Əyyub Şırlanlı və Təhsil Nazirliyinin əməkdaşları, Şuşa rayon təhsil ictimaiyyətinin nümayəndələri, şagirdlər və valideynlər iştirak etmişlər. Seminar iştirakçılarına “Şuşa öz tarixi, abidələri və övladları ilə” adlı videoçarx nümayiş olunmuşdur.
Seminarda Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salınmış, ölkəmizin məruz qaldığı hərbi müdaxilə və Ermənistanın işğalçılıq siyasəti barədə konkret faktlar sadalanmışdır. Hazırda Azərbaycanın sabit və qüdrətli dövlət kimi öz haqq işini zəfərlə başa çatdırmağa, ərazi bütövlüyünü bərpa etməyə qadir olduğu vurğulanmışdır.
Seminarda çıxış edən natiqlər qeyd ediblər ki, gələcəyimiz olan bugünkü məktəblilər elmi biliklərə dərindən yiyələnməklə bərabər, eyni zamanda əsl vətəndaş kimi formalaşmalı və milli –mənəvi dəyərlərimizə qəlbən bağlı olmalıdırlar. Bu baxımdan ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlər daha sistemli və intensiv xarakter almalı, onlarda doğma torpağa sədaqət hissinin möhkəmləndirilməsi pedaqoji kollektivlər tərəfindən prioritet vəzifə kimi qəbul edilməlidir.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılmış, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Bildirilmişdir ki, ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikamızın, eləcə də yaşadıqları ərazinin tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi və son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva yekun nitq söyləyərək bildirmişdir ki, belə dərslərin keçirilməsi hal –hazırda ölkəmizin həsas dönəmində gənclərin vətənpərvərlik tərbiyəsində çox aktualdır.Belə bir dərsin ilk dəfə Şuşa məkəblərində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Vüsalə Fətəliyeva Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərov adından Təhsil Nazirliyinə, layihənin rəhbərlərinə təşəkkürünü bildirmişdir.