Şriftin ölçüsü :

Saytın rəngi :

"Qarabağ gənclərin təqdimatında"

24 may 2016 | 16:00

"Qarabağ gənclərin təqdimatında"

Gənclər və İdman Nazirliyinin və "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 28 may-Respublika günü ilə əlaqədar "Qarabağ gənclərin təqdimatında" adlı tədbir keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, diplomatik korpusun nümayəndələri və millət vəkilləri iştirak edib.

Tədbirdən öncə qonaqlar Qarabağ mədəniyyəti, incəsənəti, ədəbiyyatı və mətbəxinə həsr olunan sərgi ilə tanış olublar.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirin açılışını edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticələrindən danışıb: "Ümummilli Lider Heydər Əliyev öz siyasi fəaliyyətində daim gənclərin inkişafına, cəmiyyətə yararlı şəkildə formalaşmasına önəm verib. Ulu Öndər ənənələrinin layiqli davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin gənclərə olan diqqət və qayğısı danılmazdır.

Bu siyasi fəaliyyətin bir parçası olaraq, biz hər zaman Azərbaycanın mədəni irsini dünyada təbliğ etməyə çalışırıq. Çünki hazırda müharibə şəraitində yaşayan ölkə olaraq, buna çox ehtiyac var. Belə məqamda Azərbaycan gəncliyinin də vəzifəsi Qarabağın tarixinin, mədəniyyətinin təbliğatı yolunda çalışmaqdır”.

Çıxış edən "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, Azərbaycan gəncliyi uğurlu inkişaf yoluna qədəm qoyaraq, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edir: “2008-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyasının dünyanın 100-dən çox ölkəsində təbliğ olunmasında Azərbaycan gənclərinin böyük xidmətləri var. Aprelin əvvəlində cəbhə xəttində baş verən qısamüddətli müharibədə də gənclərimiz düşmən tərəfinə öldürücü zərbələr endirməklə Vətənə olan gənclik borclarını ödədilər. İnanıram ki, Dağlıq Qarabağın işğaldan azad olunmasında da Azərbaycan ordusu və gəncliyi öz hünərini göstərəcək”.

Tədbirin bədii hissəsində gənc musiqiçilərin, rəqqasların, aktyorların ifasında Qarabağ mədəniyyəti və incəsənətindən nümunələr səslənib.

Keçidlər