“Multikulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir
“Multikulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalqımızın multikultural və dini-mənəvi dəyərlərinin qorunması sahəsində həyata keçirilən siyasət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdir. Bununla əlaqədar respublikamızda müxtəlif tədbirlər həyata keçirilməkdədir.
25 may 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi, Azərbaycan Respublikası Təhsil nazirliyi, Şuşa rayon İcra Hakimiyyəti, Respublika Texniki Yaradıcılıq Mərkəzi, Şuşa rayon Mədəniyyət və Turizm şöbəsi, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı birgə “Multikulturalizm uşaqların gözü ilə” adlı tədbir təşkil etmişlər.
Tədbir Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının binasında keçirilmişdir. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tədbiri açıq elan etmiş, Azərbaycan dövlətinin multikulturalizm siyasətindən, bununla bağlı rayon üzrə keçirilən tədbirlərdən söz açmışdır.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri - icma rəhbəri Bayram Səfərov öz çıxışında qeyd etmişdir: ”Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın məkanı sayılıb. Burada tarixən heç vaxt milli, dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmişdir. Qarşılıqlı etimada, hörmətə əsaslanan milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində tarixi ənənənin daha da möhkəmlənməsinə yol açmışdır. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi də dünya ölkələrinin Azərbaycandakı tolerant mühitə olan münasibətinin real ifadəsidir.
Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələri dövlətçiliyimiz naminə daim həmrəylik nümayiş etdirirlər. Ölkəmizin inkişafı, qüdrətlənməsi ilə yanaşı, ərazi bütövlüyümüzün qorunmasında da burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri hər zaman qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstəriblər.
Biz, aprel ayının əvvəllərində bunun bir daha şahidi olduq. Cəbhə xəttində erməni təxribatlarına qarşı Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də əsl qəhrəmanlıq nümunələri göstərdilər. Onların arasında şəhidlik zirvəsinə ucalanlar oldu. Bir daha təsdiq olundu ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bu torpağı canı qədər sevir və uğrunda ölməyə hazırdır.”
Sonra Bayram Səfərov Respublika Texniki Yaradıcılıq Mərkəzinin direktoru Əminə xanımı multikulturalizmlə bağlı Şuşa rayonu üzrə keçirilən tədbirlərdə xüsusi fəallıq göstərdiyinə görə Fəxri Fərmanla təltif etdi.
Respublika Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri, “Günay” Uşaq Teatrı və Şuşa musiqi məktəblərinin şagirdləri 20 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən əl işləri və müxtəlif millətlərin geyimlərini və rəqslərini, mahnılarını nümayiş etdirdilər.