“Dini radikalizm və onunla mübarizə üsulları” adlı tədbir keçirilib
“Dini radikalizm və onunla mübarizə üsulları” adlı tədbir keçirilib
Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə müxtəlif silsilə tədbirlər keçirilir. Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin təşkilatçılığı ilə 03 iyun 2016-cı il tarixdə Sabunçu rayonu, “Ramana-450” qəsəbəsində Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində “Dini radikalizm və onunla mübarizə üsulları” adlı tədbir keçirilmişdir.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, rayon ictimaiyyəti və gənclər iştirak edirdi.
Vüsalə Fətəliyeva öz çıxışında dini maarifləndirmə ilə bağlı dövlət siyasətindən, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan bu cür tədbirlərin əhəmiyyətindən danışmış, bildirmişdir ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zəruri tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayan V. Fətəliyeva “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanunun qəbul edilməsindən, bəzi qanunlara edilən dəyişikliklərdən də söz açmışdır.
Şuşa rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva “Dini radikalizm və onunla mübarizə üsulları” adlı məruzə ilə çıxış edərək, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqların bərpa olunmasından, milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması, islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların,
müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı dövlət başçısı tərəfindən bir sıra sərəncamların imzalanmasından danışmışdır. G. Babayeva qeyd etmişdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində mühüm layihələr, tədbirlər həyata keçirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çəkilən “Fitnə” filmi vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Bu film gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Gülbəniz Babayeva qeyd etmişdir: “Qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyət üçün bir bəla olduğu kimi, cəmiyyətin bir parçası olan gənclər üçün də çox təhlükəlidir. Dini radikalizmə qarşı mübarizədə maarifləndirmənin gücləndirliməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin qarşısını alan ən güclü vasitədir.Ona görə də keçirilən bu cür maarifləndirici tədbirlər çox aktual və önəmlidir. İnanırıq ki, “Fitnə” filmi siz gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə maarifləndirilmənin təmin edilməsi hər birinizin həyata baxışlarınızda müsbət mənada mühüm rol oynayacaqdır.”
Tədbirdə çıxış edən Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Nazim Xudiyev Azərbaycanda tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək dostluq şəraitində inkişafına göstərilən diqqətdən danışıblar.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilmişdir.
Filmin nümayişindən sonra müxtəlif müzakirələr və söhbətlər aparılmışdır.