İyunun 14-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “son zəng” münasibətilə tədbir keçirilib.
İyunun 14-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “son zəng” münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.
Şuşa Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirak etdikləri tədbirdə təhsil naziri Mikayıl Cabbarov məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib, uğurlar arzulayıb. Nazir 186 il tarixi olan məktəbin Azərbaycanın bir çox elm, maarif xadimləri, hərbi sərkərdələr yetişdirdiyini bildirib.
M.Cabbarov bu məktəbin 150 illik yubileyinin 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada keçirildiyini xatırladıb. 1992-ci ildə Şuşanın işğalından sonra fəaliyyətini Bakı şəhərində davam etdirən məktəb üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə müasir maddi-texniki bazaya malik 1200 şagird yerlik bina inşa olunduğu diqqətə çatdırılıb. Biliyin ən böyük nemət və sərvət olduğunu bildirən nazir qeyd edib ki, xüsusilə müasir dövrdə təhsil gələcəyə qoyulan ən böyük sərmayədir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Şuşada işğaldan əvvəl fəaliyyət göstərən məktəb və digər təhsil müəssisələri barədə məlumat verib. Azərbaycanda ilk qəza məktəbinin Şuşada fəaliyyət göstərdiyi xatırladılıb. İcra hakimiyyətinin başçısı bu gün gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də məzunları təbrik edib, uğurlar arzulayıblar.
Sonra XI sinif şagirdləri üçün son zəng çalınıb.
Tədbirin bədii hissəsi məktəblilərin ifasında şeir, mahnı və rəqs nömrələri ilə davam edib.