Milli Qurtuluş Günü
Milli Qurtuluş Günü
1993-cü il iyunun 15-i müstəqil Azərbaycanın siyasi tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldı. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin həll edildiyi ən ağır günlərdə ümummilli lider Heydər Əliyev xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Ümummilli liderin ölkə rəhbərliyinə qayıdış günü ölkəmizdə ən əlamətdar bayramlardan olan “Milli Qurtuluş Günü” elan edilmişdir.
Respublikamızda geniş qeyd olunan bu bayram münasibətilə Şuşa rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət və Turizm şöbəsi “Milli Qurtuluş Günü”nə həsr olunmuş geniş tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışmış, ulu öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs etmişdir.
Cənab Bayram Səfərov öz çıxışında ümummilli liderin hakimiyyətə qayıdışı barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir: “Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı, Milli Ordu formalaşdırıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Heydər Əliyev bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs rejiminin imzalanmasına nail oldu.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsində idi. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Beləliklə, 15 iyun bizim tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 15 iyun - Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi.”
Sonra Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa edilməsindən, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmasından və Şuşa musiqi mədəniyyətinin bugünkü nailiyyətlərindən danışdılar.
Milli Qurtuluş gününə həsr olunmuş rəsmi hissədən sonra bədii hissə başladı. Bədii hissədə Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin Uşaq İncəsənət və musiqi məktəblərinin hesabat konsertində müvəffəqiyyət qazanmış müsabiqə qaliblərinin iştirakı ilə bayram konserti keçirildi. İstedadlı uşaqların, onların müəllimləri ilə birgə ifaları, yaradıcılıq baxımından dəyərli və sanballı idi. Bu konsert Milli Qurtuluş gününə həsr olunmuş rayon tədbirini daha da rövnəqləndirdi.
Tədbirin sonunda Respublika müsabiqələrində nailiyyət qazanmış şagirdlər və musiqi məktəbinin direktorları Fəxri Fərmanla təltif edildilər.