Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin 80 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

09 dekabr 2012 | 16:00

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva “Şuşa Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş Qarabağın səfalı diyarı Şuşanın görkəmli yetirmələri Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək, bu musiqi ocağına böyük şöhrət gətirmişlər. XIX əsrin ikinci yarısında Azərbaycanın bir sıra bölgələrində musiqi məclisləri, dərnəkləri təşkil olunur, xalq musiqisinin, muğamın ilk nümunələri yaranırdı. Belə musiqi məclislərindən biri də Azərbaycan mədəniyyətinə böyük korifeylər bəxş etmiş Şuşada o dövrün görkəmli sənətkarlarından olan Xarrat Qulu Yusifi (1823-1883) tərəfindən təşkil edilmişdi. Bu məktəbin başlıca məqsədi yeni xanəndələr nəsli yetişdirmək, xanəndəlik sənətini xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək idi. Musiqişünas Xarrat Qulunun yaratdığı bu məktəb Azərbaycan musiqisinin inkişafında önəmli rol oynamışdır.
XX əsrin əvvəllərində Şuşanı Qafqazın konservatoriyası, Azərbaycanın musiqi beşiyi adlandırırdılar. Artıq Şuşada xoş avazı, gözəl səsi ilə bütün Şərqdə, Avropanın bir sıra ölkələrində böyük şöhrət qazanmış görkəmli sənətkarlar yetişməyə başladı. Bu dövrdə Şuşada elmin, mədəniyyətin və incəsənətin sürətli inkişafı üçün geniş imkanlar yaranmışdı. Bu inkişafın nəticəsi idi ki, 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi, məlahətli səsi olan, görkəmli müğənni Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradılmışdır. Bu, həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi. Məktəb Xurşidbanu Natəvanın evi olmuş binada fəaliyyətə başlamışdır. Bu təhsil ocağında tar, kamança, fortepiano, skripka və vokal şöbələri fəaliyyət göstərirdi. Musiqi məktəbi tez bir zamanda Şuşanın mədəniyyət və incəsənət mərkəzinə çevrildi.
Respublikanın bir neçə görkəmli musiqi müəllimi Şuşa Musiqi Məktəbində dərs demişdir. Sonrakı illərdə də məktəb öz fəaliyyətini yüksək səviyyədə davam etdirmiş, buranı yüzlərlə gənc bitirmiş və onlar respublikanın musiqi həyatında mühüm rol oynamışlar.
Diqqətə çatdırılmışdır ki, məktəb 1932-ci ildən 1984-cü ilədək Şuşa Musiqi Məktəbi adlanaraq Seyid Şuşinskinin adını daşımışdır. 1984-cü ildən isə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərir. Ötən müddətdə məktəbin məzunları müxtəlif fəxri adlara layiq görülmüşlər.
1992-ci ildən-Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalından sonra Bakı şəhərinin Sabunçu rayonunda məskunlaşan uşaq incəsənət məktəbi 20 ildir ki, öz tarixi ənənələrini qoruyub saxlayır. Məktəbdə 400 şagirdin təlim-tərbiyəsi ilə 60 nəfər pedaqoji heyət məşğul olur. Məktəb şagirdlərinin əksəriyyəti respublika və rayon müsabiqələrinin qalibidir.
Xüsusi olaraq qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin musiqimizin inkişafına göstərdiyi yüksək diqqət və qayğı Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi yüksək dəyər şuşalılar tərəfindən də həmişə böyük rəğbət və hörmətlə qarşılanır.
Qeyd edilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın musiqi mədəniyyətinin, muğamın inkişafında misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın gərgin zəhmətinin bəhrəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Xüsusi mühafizə edilən irs” siyahısına salınmış, “Şuşa-UNESCO-nun musiqi şəhəri” nominasiyasına layiq görülmüşdür.
Bildirilmişdir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə Şuşa Musiqi Məktəbinin istedadlı gənclərinin bir qrup üzvü İtaliyanın Milan və Roma şəhərlərində Şuşanın musiqi ənənəsini bir daha dünyaya nümayiş etdirmişdir.
Gecədə Azərbaycanda ilk dövlət uşaq musiqi məktəbinin növbəti yubiley tədbirinin doğma Şuşamızda qeyd olunacağı əminliklə vurğulanmışdır.
Sonra musiqi məktəbinin keçdiyi 80 illik şərəfli tarixi əks etdirən videoçarx nümayiş olunmuşdur.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək məktəbin bütün yaradıcı heyətini təbrik etmiş və onlara işlərində uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən məktəbin məzunu, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin baş metodisti Səid Hacıyev, məktəbin direktoru Mirkamil Ağamirov və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov məktəbin tarixi ənənələrindən, Azərbaycan musiqisinin inkişafına verdiyi töhfələrdən və milli mədəniyyətimizin qorunaraq gələcək nəsillərə çatdırılmasındakı misilsiz xidmətlərindən danışmışlar.
Yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov dövlətimizin şuşalılara, eləcə də bütün ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişdir.
Sonra məktəbin pedaqoji kollektivinin fərqlənən üzvlərinə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbir məktəbin məzun və şagirdlərinin hazırladıqları geniş konsert proqramı ilə davam etdirilmişdir.
 

Keçidlər