Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimat mərasimi

21 oktyabr 2016 | 16:00

2016-cı il oktyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında təqdimatı keçirilmişdir. Kitabın müəllifləri Fəzayıl Vəliyev və Gülzadə Abdulovadır.

Kitab-kataloqda ilk dəfə çöl-etnoqrafik materiallar, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XİX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, millət vəkilləri-Flora Qasımova, Aqil Abbas, Bəxtiyar Əliyev, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əməkdaşları və Şuşa rayon ziyalıları iştirak etmşdir.

Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma

rəhbəri Bayram Səfərov açmış, kitab haqqında ətraflı məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü dövlət siyəsətindən danışmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, kitabın müəllifləri Fəzayıl Vəliyev və Gülzadə Abdulova "Şuşa qrantı" əsasında nəşr olunmuş "Qarabağ geyimləri" kitab-kataloqu barədə geniş məlumat vermiş, kitabın əhəmiyyətindən söz açmışlar. Millət vəkilləri – Flora Qasımova və Aqil Abbas kitab haqqında öz fikirlərini bölüşdürdülər.

Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Güllələnmiş heykəllərin fəryadı” tamaşasından bir səhnə göstərilmişdir. Bundan əlavə Qarabağ geyimləri də nümayiş etdirilmişdir. Aktyorların və Şuşa Humanitar Kollecinin tələbələrinin təqdim etdiyi geyimlər haqqında Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva ətraflı məlumat vermişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində ərazi bütövlüyümüzün bərpa olunacağını, məcburi köçkünlərimizin torpaqlarımıza qayıdacağını diqqətə çatdırmış, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələlərində, Qarabağ mədəniyyətinin dünyaya tanıdılması istiqamətində Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışmışdır.

Sonra Elmin İnkişaf Fondunun yeni internet portalının və fond tərəfindən yaradılmış "e-Qrant" - Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin təqdimatı olmuşdur. Yeni portal haqqında məlumat verən Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, bu gün 7 il tamam olan Fond yüzlərlə elmi-tədqiqat layihəsini maliyyələşdirib, onlarla beynəlxalq və regional konfranslar keçirib,yeni laboratoriyalar yaradılıb, müxtəlif qurumlarda elmi cihaz və avadanlıqlar bazasını ən müasir səviyyədə yeniləmişdir.

Keçidlər