“Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi” videoçarxının təqdimatı
“ Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi ” videoçarxının təqdimatı
26 oktyabr 2016-cı il tarixdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında “ Xankəndi ” Məcburi Köçkünlərə Dəstək ictimai birliyinin xətti ilə çəkilən “Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi” videoçarxının təqdimatı keçirilmişdir.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatları - Flora Qasımova, Gövhər Baxşəliyeva, Aydın Mirzəzadə, icma üzvləri, Xankəndi və Şuşa ziyalıları iştirak etmişdir.
Təqdimat Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov açaraq, videoçarxın erməni silahlı qüvvələri tərəfindən Xankəndi camaatının öz doğma torpağından didərgin salınaraq, məcburi köçkünə çevrilməsindən, onların yaşam mücadiləsindən, bütövlükdə Qarabağ ağrı-acılarından, faciələrindən, şəhid ailələrinin həyatından bəhs etməsindən danışmışdır. Cənab B.Səfərov ötən illər ərzində Azərbaycanın bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdığını, beynəlxalq əlaqələrimizin genişləndiyini, ölkəmizin bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınmasını bildirmişdir; - Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ Azərbaycan
heç vaxt – nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra əzəli torpağımız olan Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcək. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı Ermənistanın hərbi qüvvələri zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar. Beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də elə bunları tələb edir.”
Sonra “ Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi ” videoçarxı nümayiş etdirilmişdir.
Milli Məclisin deputatları – Flora Qasımova, Gövhər Baxşəliyeva, Aydın Mirzəzadə öz çıxışlarında erməni vandallarının vəhşiliklərinin ifşasından, məcburi köçkünlərin öz el-obasına, yurduna olan həsrət və bağlılıqlarından, nəyin bahasına olursa-olsun, torpaqlarına qayıtmaq istəyindən söhbət açmışlar.
Tədbirin sonunda “Xankəndi-Məcburi Köçkünlərə Dəstək” ictimai birliyinin sədri Xatirə Vəliyeva çıxış edərək “Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi” videoçarxının ərsəyə gəlməsində əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirmişdir.