1992-ci il avqust ayının 29-u əslən Şuşalı olan Vətən müharibəsinin şəhidi Hüseynov Əzəmi Əli oğlunun doğum günüdür
Hüseynov Əzəmi Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb.
Əzəmi Hüseynov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzəmi Hüseynov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şuşa Rayon İcra Hakimiyyətinin Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, aparatın məsul işçiləri və şəhid ailələri Hüseynov Əzəmi Əli oğlunun ailəsinə baş çəkmiş, şəhidimizin şəhadətindəki doğum günü münasibəti ilə təbrik etmiş, ailələrinə səbr və Allahdan rəhmət diləyiblər.
Hatırladaq ki, Hüseynov Əzəmi Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə oktyabr ayının 8-də yaralanmış döyüş yoldaşlarını xilas edərkən şəhidlik zirvəsinə ucaldılmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.