“2 fevral – Gənclər günü” münasibəti ilə tədbir keçirilmişdir
31 yanvar 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər İdman İdarəsinin Şuşa rayon sektorunun təşkilatçılığı ilə Şuşa Rayon İcra Hakimiyyətində "2 Fevral Azərbaycan Gəncləri Günü" münasibətilə rayon tədbiri keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Qarabağ Regional Gənclər İdman İdarəsinin Şuşa rayon sektorunun müdiri Nadir Bayramov, Şuşa Rayon İcra Hakimiyyətinin və sektorun məsul işçiləri, rayonun fəal gəncləri iştirak etmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov gəncləri təbrik edərək bildirmişdir ki, bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişdir. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezidentin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğını dərin ehtiram hissi ilə xatırlayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Çıxış edənlərin hər biri gəncləri təbrik edərək bildirmişdir ki, yüksək təhsilli gənc nəslin yetişməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ müharibəsi ilə bağlı mövqeyimizin dünyaya çatdırılması, habelə ölkəmizin beynəlxalq səviyyədə yumşaq gücünün formalaşması üçün zəruridir. Savadlı gənclərimiz Azərbaycan həqiqətlərinin, torpaqlarımızın azad edilməsi və suverenliyimizin bərpası ilə bağlı mövqeyimizin dünyaya çatdırılmasında da əhəmiyyətli rol oynayırlar”.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəaliyyəti ilə fərqlənən gənclər Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanlarla təltif edildi, onlara xatirə hədiyyələri təqdim olundu, xatirə şəkli çəkdirildi.