“2 fevral - Gənclər Günü” qeyd edilmişdir
01 fevral 2023-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, “Ramana-450” qəsəbəsində yerləşən Malıbəyli kənd Musiqi məktəbinin akt zalında 2 fevral “Gənclər günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, şöbənin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon Bölməsinin rəisi Seymur Qurbanov, Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa nümayəndəliyinin baş məsləhətçisi Bayram Cəfərov, rayonun idarə və müəssisə rəhbərləri, gənclər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Torpaqlarımızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə tədbiri açıq elan edən Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışdır. Ölkədə gənclərlə bağlı dövlət tərəfindən uğurlu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva “02 Fevral - Gənclər Günü” münasibətilə rayon gənclərini təbrik etmiş, Ulu Öndərin gənclərlə bağlı imzaladığı fərman və sərəncamların gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini müəyyən etdiyini diqqətə çatdırdı. Dövlət siyasətinin mühüm tərkib hissəsi olan gənclər siyasətinin bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Vüsalə Fətəliyeva qeyd etdi ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Şuşalı gənclər rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak edirlər. Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən həmyerlərimiz Vasif Tağıyevin bu qəhrəmanlığı artıq gənc nəslə böyük bir vətənpərvərlik nümunəsidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon Bölməsinin rəisi Seymur Qurbanov çıxış edərək, Şuşa rayon gənclərinin hərbi - vətənpərvərlik tərbiyəsinin və milli –mənəvi dəyərlərimizin inkişafı sahəsində onların fəaliyyətini gücləndirmək məqsədilə gənclər arasında Azərbaycanın Milli Qəhrəmanlarının, şəhid döyüşçülərin döyüş yolunun təbliğinə xidmət edən “Şahin”, “Sərhəd”, “Vətənin müdafiəsinə hazıram” hərbi-idman oyunlarının ümumtəhsil məktəblərində keçiriləməsinin mühüm əhəmiyyətindən danışdı. Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa nümayəndəliyinin baş məsləhətçisi Bayram Cəfərov öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclərin Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi və onun siyasətinin davamçıları kimi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi öz sözünü deyir. Gənclər bu gün mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.
Tədbir Şuşa Rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə hazırlanmış musiqili proqram ilə davam etmişdir.
Şuşa rayonunun mədəni-kütləvi tədbirlərinin təşkil olunmasında, rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına görə bir qrup gənc fəxri fərman və hədiyyələrlə təltif olundu.