“2 fevral - Gənclər Günü”nə həsr edilmiş rayon tədbiri keçirildi
01 fevral 2024 | 16:19
Şuşa Rayon İcra Hakimiyyəti və Qarabağ RGİİ-nin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə “Ramana - 450” qəsəbəsində yerləşən Malıbəyli Kənd Uşaq Musiqi məktəbində "2 Fevral Azərbaycan Gəncləri Günü" münasibətilə rayon tədbiri keçirilib.
Tədbirin əvvəlində Şuşa Rəsm Qalereyasının gənc rəssamı Həsənova Rəqsanə Sarvan qızının rəsm əsərlərindən ibarət sərgi tədbir iştirakçılarına nümayiş edildi.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov, Şuşa rayon Gənclər və idman sektorunun müdiri Nadir Bayramov, Rayon İcra Hakimiyyətinin əməkdaşları Ülviyyə Bağırova, Əmirxan Qarayev, Şuşa Mədəniyyət Evinin direktoru Rüstəm Əliyev, Şuşa Rəsm Qalereyasının direktoru Anar Cəbizadə, müxtəlif sahələrdə nailiyyətləri olan rayonun fəal gəncləri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Şuşa rayon Gənclər və idman sektorunun müdiri Nadir Bayramov Gənclər günü münasibətilə rayon gənclərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Nadir Bayramov Azərbaycan gənclərinin ölkədə gənclər siyasəti ilə bağlı böyük fəallıq nümayiş etdirdiyini və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verdiyini diqqətə çatdırdı. Rayon gənclərinin uğurlarını yüksək qiymətləndirərək sağlam düşüncəli gəncliyin ölkəmizin işıqlı gələcəyinin təminatçısı olduğunu bildirdi.
Sonra çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil ediyini bildirdi. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşdığını qeyd edən Natiq Mahmudov bütün çətinliklərə baxmayaraq böyük uğurlara imza atan Şuşa rayon gənclərini Gənclər günü münasibəti ilə təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı.
Daha sonra Şuşa Mədəniyyət Evinin direktoru Rüstəm Əliyev və Şuşa Rəsm Qalereyasının direktoru Anar Cəbizadə çıxış edərək gəncləri təbrik etdilər, Azərbaycan gəncliyinin özünü Vətən müharibəsində göstərdikləri şücaətlə bir daha vətənə, dövlətə bağlı olduqlarını nümayiş etdirdiklərini qeyd etdilər.
Daha sonra tədbir Şuşa Rayon Mədəniyyət Evinin gənc sənətçilərinin təqdimatında musiqili proqramla davam etdi.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəaliyyəti ilə fərqlənən gənclər Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanlarla təltif edildi, onlara xatirə hədiyyələri təqdim olundu, xatirə şəkli çəkdirildi.