"2 İyul - Azərbaycan Polisi Günü"nə həsr olunmuş tədbir keçirilmişdir
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Müharibə zamanı və post-müharibə dönəmində polis əməkdaşları ölkəmizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıb, bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşüb. Bu gün də Azərbaycan polisi xidmətini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi təmin edirlər. Şuşa şəhərində artıq dördüncü ildir ki, böyük şərəf və qürur hissi ilə xidmət aparan Şuşa rayon polis idarəsinin əməkdaşlarını 2 iyul – Polis Günü münasibətilə səmimi qəlbdən təbrik edir, bu çətin və məsuliyyətli işlərində onlara can sağlığı, möhkəm iradə arzulayırıq.
Bu gün ölkəmizdə sabitliyin, ictimai asayişin keşiyində qətiyyətlə dayanan Azərbaycan polisi öz fədakarlığı ilə seçilir. Vətən müharibəsində qazanılmış tarixi zəfərdə də polis orqanları əməkdaşlarının müstəsna xidmətləri olmuşdur. Şuşa şəhərində "2 İyul - Azərbaycan Polisi Günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə Şuşa şəhərində yerləşən Şəhidlər Xiyabanı Şuşa şəhərdə fəaliyyət göstərən polis əməkdaşları tərəfindən ziyarət olunmuşdur. Xidməti fəaliyyətində fərqlənən bir qrup polis işçisi Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovun “Fəxri Fərman”ları ilə təltif edilmişdir.