Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar - Azərbaycan tarixində müstəqilliyə, Zəfərə yol açan şərəf və qəhrəmanlıq salnaməsi

20 yanvar 2023 | 14:27

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar
hadisələrindən artıq 33 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan
xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri
kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə
silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar
sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş
etdirdi. 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli
hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.
Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı
soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu
siyasətin mərhələləridir.
Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya
yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə
Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi
hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan
Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. SSRİ-də və dünya sosializm sistemində iqtisadi,
siyasi və sosial sahədə uzun müddət formalaşan böhran 1980-ci illərin sonlarında daha da kəskin
xarakter aldı. Soyuq müharibənin başa çatmasından sonra postsovet məkanında milli zəmində
münaqişələrin başlanması, eləcə də sovet ordusunun 1986-cı ildə Alma-Ataya, 1989-cu ildə
Tbilisiyə, 1990-cı ildə Bakıya və 1991-ci ildə isə Vilnüs hərbi müdaxiləsi də SSRİ-nin süqutunu
bəlkə bir neçə on il tezləşdirdi. SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda Dağlıq Qarabağ,
Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı, Qırğızıstanın Oş
vilayətindəki faciəli hadisələr və Özbəkistanın Fərqanə vadisində Məhsəti türklərinə qarşı etnik
təmizləmə və qırğın dalğası çoxmillətli dövlət olan SSRİ-də sabitliyi pozdu və real münaqişə
ocaqlarına çevrildi. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə
pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin ciddi təhlükəyə məruz qalmasına
gətirib çıxartdı

XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü və
Qanlı 20 Yanvar faciəsinə aparan yol

Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı
erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Hər dəfə Qarabağa dair ərazi iddiaları
kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz,
ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, xaricdə olan himayədarları tərəfindən hələ xeyli
əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Eyni zamanda, azərbaycanlıların
Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması da bu məqsədli siyasətin tərkib hissəsi
idi.
Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın
Yerevanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş
yayılan “Oçaq” (Yurd) kitabı Ermənistandan azərbaycanlıların məqsədli şəkildə qovulması və
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Dağlıq hissəsini ələ keçirmək üçün
aparılan təbliğat işini daha da gücləndirdi.
1985-ci ilin martında M.S.Qorbaçovun Sov. İKP MK-nın baş katibi seçilməsindən sonra
Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. XX əsrin 80-ci
illərinin ikinci yarısında yaranmış vəziyyətdən istifadə edərək ermənilər özlərinin yaxın və uzaq
xaricdəki himayədarlarının köməkliyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün
yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.
Ümumiyyətlə, XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk
növbədə, Ermənistan SSR ərazisində anti-Azərbaycan, antitürk təbliğatı daha da güclənməyə
başladı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı.
1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçyan Sov.İKP MK-nın
Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 70 illiyi ilə bağlı 24 aprel tarixinin hər il
SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan
M.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və
prinsipial mövqeyi ilə qarşılaşmışdır. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər.
1987-ci il oktyabrın 21-də Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir
neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri
A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana
birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi
komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını
irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18-də “L'Humanite” qəzetində çap olundu. Bu
müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu
oynadı. Bununla yanaşı, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki
komitəsi - Yerevanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli
fəaliyyət göstərən yerli təşkilatı olan “Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq
hərəkatı genişlənmişdi.
Qeyd etmək lazımdır ki, hələ sovet dövründə erməni ideoloqları və onların himayədarları
Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün
ittifaq miqyasında yaymışdılar. Eyni zamanda, 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də
milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini bildirməsi vəziyyəti daha da
gərginləşdirdi. Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də DQMV xalq deputatları
Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən
Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri
qarşısında vəsatət qaldırmaq barəsində” qərar qəbul etdilər. DQMV xalq deputatları Sovetinin
tərkibində 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlı idi. Azərbaycanlılar isə bu
iclasa buraxılmamışdılar.
Lakin onu qeyd etmək vacibdir ki, erməni siyasətçilərinin iddia etdiyi saxta tezis ortaya
atılana qədər DQMV-yə rəhbərlik edənlərdən heç biri DQMV iqtisadiyyatının Ermənistandan
asılılığından, vilayətin geriliyindən danışmamış, əksinə, vilayətin sosial-iqtisadi inkişafının
Azərbaycanın başqa bölgələrinə, hətta, Ermənistanın özünə nisbətən sürətlə irəli getdiyini daim
qeyd edirdilər. Baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni
siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri saxta tezisin yalnız bəhanə,
əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.
1988-ci il yanvarın 25-də Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları
nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış ilk
yüzlərlə azərbaycanlı qaçqınlar Azərbaycana gəlmişdir. Yanvar-fevral ayları ərzində Ermənistan
ərazisindən azərbaycanlıların deportasiyası günü-gündən intensivləşirdi. Fevralın 21-də emənilər
tərəfindən Yerevanda qalmış son məscid də dağıdıldı. Ayın 23-də etnik təmizləmə siyasəti həyata
keçirmək məqsədilə ermənilər Ermənistan SSR-in Qafan rayonunun azərbaycanlılar yaşayan
kəndlərinə kütləvi basqınlar təşkil etdilər. Fevralın 28-nə olan rəsmi məlumata görə, Qafan
rayonundan yalnız qonşu Zəngilan rayonuna 2 min nəfər azərbaycanlı qaçqın kimi gəlmişdi. Bu
dövrdə Ermənistandan qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada
məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər
qaçqın və ya 3030 ailə gəlmişdi.
Sumqayıt hadisələri ilə əlaqədar istintaq zamanı 1988-ci il fevralın 28-29-da Sumqayıtda
baş verən hadisələrin kökündə “Krunk” və “Qarabağ” təşkilatlarının erməni millətçi hərəkatı
üçün vəsait topladığı, ümumi büdcəyə pul ödəməyənləri isə cəzalandırmaq qərarına gəldikləri,
elə məhz buna görə də Sumqayıtda evlərinə hücum edilən ermənilərin məhz “Krunk” təşkilatına
pul ödəməyən ermənilər olmaları haqda fikirlər təsdiqini tapırdı. Faktlar sübut edir ki, törədilmiş
talanlar təsadüfi olmamışdır. Qeyd etmək lazımdır ki, talanlar başlamazdan əvvəl şəhərdə
yaşayan imkanlı ermənilərin əksəriyyəti Sumqayıtı tərk etmiş, şəhərdə qalan imkansız
ermənilərin bəziləri zərər görmüşdülər. Erməni millətçilərinin tarixində ermənilərin bu üsuldan
istifadə etdikləri haqqında kifayət qədər tutarlı faktlar mövcuddur.
1988-ci il sentyabrın 18-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağan saatı
qoyuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-də və Ermənistanda zorakılığın
qarşısını ala bilmədi. Mərkəzi ittifaq orqanlarının hadisələrə birtərəfli yanaşması nəticəsində
Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı,
kütləvi şəkildə öz doğma yurdlarından çıxarıldılar.
Nəticədə, sovet rəhbərliyinin ermənipərəst siyasəti 1988-ci ilin sonu - 1989-cu ilin
əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın
Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə
törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə
azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin
qurbanı oldu.
Eyni zamanda, 1988-ci ilin sonunda Ermənistanda genişmiqyaslı etnik təmizləmə –
azərbaycanlıları tarixən yaşadıqları torpaqlardan təmizləmək cinayətini həyata keçirdilər. Belə
ki, keçmiş SSRİ rəhbərliyinin himayəsi ilə Ermənistan tərəfindən 1988-1989-cu illərdə
azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri
boşaldıldı. 1991-ci il avqustun 8-də Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə
həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi olan Nüvədidən də azərbaycanlılar
qovuldu. Ümumiyyətlə, həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində indiki Ermənistanın
22 kənd, rayonundan və 6 şəhərindən təminən 250 mindən çox azərbaycanlı tarixi torpaqlarından
təcavüzə məruz qalaraq qovuldular.
Qeyd etmək lazımdır ki, 1988-1989-cu illər ərzində 216 azərbaycanlı, o cümlədən 57
qadın, körpə və 18 uşaq qətlə yetirilmişdir. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət
nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15
nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim
qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar
etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə,
bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış,
48 nəfər isə dağlarda şaxtadan donaraq həlak olmuşlar. Qeyd etmək lazımdır ki, 1988-ci ilə
qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi ümumi respublika ərazisinin (29, 8 min
kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv. km təşkil edirdi.
Bununla yanaşı, 1989-cu ilin yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti Dağlıq
Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də xüsusi
idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də
bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi
yaradıldı. Xüsusi İdarə Komitəsi “millətlərarası münasibətlərin daha da kəskinləşməsinin
qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək” adı altında yaradılsa da, fərmanda
göstərilənlərin əksinə olaraq bu komitənin fəaliyyətdə olduğu müddətdə DQMV-də vəziyyət
daha da kəskinləşmişdi.
Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın
suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında
Konstitusiyaya zidd qərar qəbul etdi. Birbaşa SSRİ rəhbərliyinin açıq himayədarlığı sayəsində
DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və
Ermənistana istiqamətləndirilməsi baş verdi.

Qanlı 20 Yanvar və beynəlxalq hüquq prinsiplərinin
kobud şəkildə pozulması
Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər
görməmiş, əksinə, 1990-cı ilin yanvar ayında Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə
Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və
zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da
daxil edilmişdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və
keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə
qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı il yanvarın
20-də qanlı faciəyə gətirib çıxardı. 1990-cı il yanvar 15-də SSRİ Ali Sovetinin Rəyasət
Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi
haqqında” fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə
şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil
olmaqla, lazımi tədbirlər görülsün.
1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi
Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək
qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi
qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq
üçün yeridilmişdi. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin
“dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə
ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə
Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə
qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının
119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın
20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin
bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat
19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri
dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil
oldu və dinc əhaliyə amansız divan tutuldu.
M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər
öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız
yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı
100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si
azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır yaralanmış (onların arasında 25 qadın
və 20 uşaq var idi ki, onlardan da bəziləri ömürlük şikəst oldu); 4-şəxs itkin düşmüş; 881 nəfər
isə qanunsuz həbs edilmişdir. sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara -
yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc
insanlar qətlə yetirilmişlər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər
rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-ə çatmışdı.
Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Şit”
ekspertlərinin hesabatında deyilirdi ki, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən
güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23
güllə vurulmuşdur; xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər
öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş
B.Yefimtsev də var; “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən
istifadə edilmişdir.
Bakıya hərbi müdaxilə zamanı 1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannamə, 1966-cı
ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq Pakt, 1966-cı ilin Mədəni, Sosial
və İqtisadi Hüquqları haqqında Beynəlxalq Pakt və 1975-ci ilin Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana
görüşünün son qərarı (fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq
hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə
olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin
istifadə edilməməsinin Bəyannaməsi (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV
Haaqa müqaviləsi) də bura daxil olmaqla qüvvədə olan bütün İnsan Hüquqlarına əsaslanan
beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur. Bu qanlı hadisələr həmçinin, beynəlxalq
humanitar hüququn kobud şəkildə pozulmasıdır ki, bu da 1949-cu il Cenevrə konvensiyalarına
və onlara 1977-ci il Əlavə protokollarında nəzərdə tutulan digər prinsiplərə də ziddir. Eyni
zamanda, Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi Azərbaycanın suverenliyi, müstəqilliyi və
ərazi bütövlüyü əleyhinə yönəlmiş hərbi təcavüzdür. Qeyd edək ki, 1974-cü il dekabrın 14-də
BMT Baş Assambleyasının XXIX ses¬siyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq
tə¬cavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı, ona bey¬nəlxalq hüquqi qiymət verildi
və 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi. Bu
baxımdan, bir dövlət tərəfindən di¬gər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi
müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizam¬na¬məsinə ziddir və hərbi
təcavüz hesab olunur.

Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi və 
dünyanın reaksiyası
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq
sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır.
Belə ki, Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş,
ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və
başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti
müdafiə edən Amerika Birləşmiş Ştatları pislənmişdir. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri,
Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım
göstərilməsi təklifi ilə də çıxış etmişlər. Bununla yanaşı, Türkiyənin kütləvi informasiya
vasitələri sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisəni kəskin tənqid etmiş və bunu qırğın
adlandırmışdır.
Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, Sovet İttifaqının Azərbaycana hərbi
müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər. Bu reaksiyalar ümumilikdə müsbət olsa da, ancaq
obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla
qarşıladığını bildirmişdir. Avropa İttifaqının rəsmi nümayəndəsi Qeor isə demişdir ki, qan
axıdılmadan yenidənqurma tətbiq edilə bilməz. Avropanın müxtəlif yerlərindən gələn fikirlər isə
qərbin mövqeyini izah etmək baxımından maraqlıdır. Məsələn, “Ştern” məcmuəsi və “Tribuna
lyudu” qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə olunmasının zəruri
olduğu bildirmişdir.
Nəticədə, Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. Bundan
əlavə “Los-Anceles Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens Monitor”, “Nyu-York Tayms”,
“Baltimor San” mətbu orqanlarında, eləcə də, bir sıra xarici radiostansiyaların məlumatlarında
Bakıda baş verən hadisələrə, xüsusilə, sovet ordusunun hərbi müdaxiləsinə haqq qazandırılmasa
da, çox vaxt bu qanlı cinayətə laqeyd münasibət özünü göstərirdi. Sovet rəhbərləri ordunun
Bakıya göndərilməsi qərarını müxtəlif cür izah edirdilər.
Faciədən bir neçə il sonra, yəni 1994-cü ilin yanvarında bu qanlı cinayətin başında duran
SSRİ müdafiə naziri marşal Yazov DFVK işi üzrə prosesdə ifadə verərkən bildirmişdi: “1990-cı
il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə
vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm”.
Daxili işlər naziri Bakatin isə yanvarın 21-də Azərbaycan Daxili İşlər Nazirliyində keçirdiyi
görüşdə bəyan etmişdir ki, “əgər siz (Azərbaycan xalqı nəzərdə tutulur – E.Ə.) sovet
hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq”.
1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq
Nobel Sülh mükafatına layiq görüldü. 1995-ci ilin aprelin 27-də Türkiyədə səfərdə olan keçmiş
SSRİ prezidenti Mixail Qorbaçov İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə
çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 yanvar
hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: “Bakıda
fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük
səhvi idi”.

Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız
ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq yanvarın 21-də siyasi iradə
nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin
törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin
Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını qətiyyətlə pisləmişdi.
1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan
sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
“20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı
Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və
müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən
bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət
səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar
hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının
keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq
1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə
dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli
azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları
Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və
qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Prezident, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də
Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-
dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və
rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan,
Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi,
Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri,
Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji
yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad
olundu.

Azərbaycanın İkinci Qarabağ müharibəsində
hərbi-diplomatik və informasiya məkanında uğurları
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji
əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün
içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və
böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli
Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi
və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini,
xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək
hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi.
Nəticədə Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də
Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı
qətnaməni özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi
nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il
noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə
də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində
yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və
Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz
Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq
maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan
çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.
Azərbaycan Prezidenti, İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir
ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi, xalqımıza böyük sevinc yaşatdı və
mühüm hərbi Qələbə oldu. Bu tarixi hadisə ilə, eyni zamanda Azərbaycanın azadlığı,
müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 33 il əvvəl - 1990-cı ilin 20 Yanvar faciəsi zamanı
şəhid olmuş Vətən övladlarımızın da ruhu şad oldu.

Elçin Əhmədov
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
“Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri,
beynəlxalq münasibətlər üzrə professor,
siyasi elmlər doktoru

Keçidlər