Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

18 yanvar 2025 | 14:01

 

Şuşa Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Vətənimizin azadlığı, müstəqilliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizədə həyatını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 35 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5.30-da radio ilə elan olunmuşdur. Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.

Bu gün müstəqil Azərbaycan 20 Yanvar faciəsini xalqımızın azadlıq uğrunda mübarizə tarixinin iftixar doğuran şanlı səhifəsi kimi qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, respublikamızda şəhidlərin, o cümlədən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial-məişət, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində hər il davamlı tədbirlər həyata keçirilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Şəhidlərimizin qəhrəmanlığı şair və yazıçılarımızın qələmə aldıqları əsərlərdə yüksək səviyyədə tərənnüm edilir. Bu gün paytaxt Bakıda, həmçinin respublikanın digər bölgələrində yerləşən şəhər və qəsəbələrdə çox sayda küçə, prospekt, məktəb qürurla vətənimiz Azərbaycan uğrunda canından keçmiş əziz şəhidlərimizin adlarını daşıyır. Hər il respublikamızın bütün bölgələrindən milyonlarla insan Bakıdakı Şəhidlər xiyabanına gələrək Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini yad etməyi özlərinə mənəvi borc bilir. Bu isə o deməkdir ki, müstəqil Azərbaycan var olduqca xalqımız, şəhidlərimizin əziz xatirəsi, onların amalları yaşayır və bundan sonra əbədi yaşayacaqdır”.

Keçidlər