Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon əhalisinin sıx məskunlaşdığı «Ramana-450» qəsəbəsində «Dini radikalizm və ekstremizmlə mübarizə» adlı növbəti tədbir keçirilmişdir

22 noyabr 2016 | 16:00

 

Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi, dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə müxtəlif silsilə tədbirlər keçirilir. Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 noyabr 2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Şuşa rayon əhalisinin sıx məskunlaşdığı “Ramana-450” qəsəbəsində “Dini radikalizm və ekstremizmlə mübarizə” adlı növbəti tədbir keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbənin müdir müavini Ceyhun Əliyev, Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Fatma Qılıncxanova, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Əlisahib Şirinov, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, Polis şöbəsinin sahə inspektoru, polkovnik-leytenant Məhərrəm Hüseynov, Şuşa rayon İcra Hakimiyyəti başçısının Malıbəyli kənd ərazi icra nümayəndəsi Müzəffər Babayev, məktəb direktorları, «Həyat bilgisi» fənnini tədris edən müəllimlər, «Uşaq Birlik Təşkilatları»nın rəhbərləri, Malıbəyli kənd 1 nömrəli, Xankəndi şəhər 4 nömrəli orta məktəbinin XI sinif şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva öz çıxışında dini maarifləndirmə ilə bağlı dövlət siyasətindən, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan bu cür tədbirlərin əhəmiyyətindən danışmış, bildirmişdir ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zəruri tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayan V. Fətəliyeva “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanunun qəbul edilməsindən, bəzi qanunlara edilən dəyişikliklərdən də söz açmışdır.

Şuşa rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva “Dini radikalizm və ekstremizmlə mübarizə” adlı məruzə ilə çıxış edərək, müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqların bərpa olunmasından, milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması, islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı dövlət başçısı tərəfindən imzalanan bir sıra sərəncamların əhəmiyyətindən danışmışdır. G. Babayeva qeyd etmişdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində mühüm layihələr, tədbirlər həyata keçirir. Komitə tərəfindən çəkilən “Fitnə” filmi vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə

qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Bu film gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.Şuşa rayon İcra Hakimiyyətinin ekstremizmin və radikallıq meyllərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli təşkil edilən tədbirlərindən danışan Gülbəniz Babayeva bildirdi ki, rayon üzrə qeyri-ənənəvi təriqətlərlə bağlı hec bir dini qurum və ya birlik fəaliyyət göstərmir. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi dəyərlərin qorunması, vətənpərvər gənclərin yetişdirilməsi, onların asudə vaxtlarının daha səmərəli keçirilməsi işi daim gündəmdə saxlanılır. Radikal və qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.Keçirilən bütün tədbirlər mütəmadi olaraq, Şuşa rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilir və «Şuşa» rayon qəzetində dərc edilir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbənin müdir müavini Ceyhun Əliyevin tədbirdə iştirakı və çıxışı şuşalılarda xoş bir təəssürat yaratdı.Ceyhun Əliyev öz çıxışında Azərbaycanda tolerantlığın inkişafı, multikultural həyat tərzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin çəkdiyi «Fitnə» sənədli filmində dini radikalizm və ekstremizmin qurbanı olmuş insanlarla aparılan maarifləndirici söhbətlərindən danışaraq, bugünkü həyat tərzində mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Şuşalılarla belə bir görüşün keçirilməsindən böyük məmnunluq hissi keçirən Ceyhun Əliyev öz çıxışını 26 dekabr 2014-cü ildə Bakıda Heydər məscidinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri ilə bitirdi: «Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar. Ona görə biz daha da fəal

işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi işimizə töhfə verməlidir. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.»

Tədbirdə çıxış edən Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, Polis şöbəsinin sahə inspektoru, polkovnik-leytenant Məhərrəm Hüseynov, Şuşa rayon İcra Hakimiyyəti başçısının Malıbəyli kənd ərazi icra nümayəndəsi Müzəffər Babayev Azərbaycanda dini radikalizmi yaradan səbəblər, onunla mübarizənin geniş üsulları, bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin həyatında mühüm əhəmiyyət daşıdığını bir daha qeyd etdilər.

Tədbir zamanı «Multikulturalizm və tolerantlıq ənənələrinin, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı Şuşa rayonu üzrə 2016-cı ildə keçirilən tədbirlər» vidoçarxı nümayiş etdirildi.

Sonda tədbir iştirakçılarını maraqlandıran sullara cavab verildi.

Keçidlər