Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi
Şuşa rayon İcra Hakimiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirmişdir.
Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şuşa rayonunun Axundu Mirabdullah Həsənli ulu öndərin əziz xatirəsinə dualar oxumuşdur.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri-icma rəhbəri Bayram Səfərov Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin möhtəşəm fəaliyyətindən və misilsiz xidmətlərindən söhbət açaraq bildirmişdir ki, müstəqil Azərbaycan Respublikasının memarı, böyük ictimai və siyasi dövlət xadimi Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan Respublikasının inkişafına, dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etmişdir.
Cənab Bayram Səfərov vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ümummilli liderin xarici siyasətində başlıca yer tuturdu. Ermənistanın Avropa Şurası tərəfindən təcavüzkar kimi tanınmasında Heydər Əliyevin əvəzsiz xidmətləri var. Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində 1994-cü ilin may ayının 12-də Ermənistanla atəşkəs haqqında razılaşma əldə olunmasını tədbir iştirakçılarının diqqətinə çatdıran cənab Bayram Səfərov
qeyd etdi ki, bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır.
Sonra tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının dahi rəhbərə həsr olunan şeirlərlə çıxışları mərasim iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.
Tədbirdə şuşalı ziyalılardan şair-publisist Əyyub Şırlanlı, Sevil Babayeva ulu öndərin Şuşaya səfərləri barədə öz xatirələrindən danışdılar.
Milli Məclisin deputatı Flora Qasımova ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdı. Bildirdi ki, ulu öndər yorulmaz fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitlik yaradılmasında, dünyada Azərbaycanın nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib.
Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdlərinin iştirakı ilə “Nəsillərə nümunə olan şərəfli ömür yolu” inşa müsabiqəsi keçirilmişdir. Qaliblər Fəxri Fərmanla təltif olunmuşlar.
Tədbirin sonunda ehsan süfrəsi verilmişdir.