2016-cı ilin 09 yanvar tarixində Ermənistanın işğalı altında olan Şuşa, Laçın və Cəbrayıl rayonlarının hərbi çağırışçılarının əsgərliyə yola salınma mərasimi keçirilib.
2016-cı ilin 09 yanvar tarixində Ermənistanın işğalı altında olan Şuşa, Laçın və Cəbrayıl rayonlarının hərbi çağırışçılarının əsgərliyə yola salınma mərasimi keçirilib.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Xidmətin yüksək rütbəli zabitləri, rayonların icra hakimiyyətlərinin nümayəndələri, ictimaiyyət təmsilçiləri, Qarabağ müharibəsi veteranları, Çernobıl əlilləri və çağırışçıların valideynləri iştirak ediblər.
Mərasimdə çıxış edən Bayram Səfərov bildirdi ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ordusu kifayət qədər güclüdür, ölkənin sərhədlərini qorumağa, işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır. Keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətini bir daha nümayiş etdirir. Təkcə bir faktı demək lazımdır ki, son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Sonra B.Səfərov torpaqlarımızı erməni təcavüzkarlarından müdafiə edən Azərbaycan əsgərinin yenilməzliyindən, mərdlik və şücaətindən danışaraq, bugünkü çağırışçıların Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirərək, sağ-salamat ailələrinə qayıtmaqlarını arzu etdi.
General-mayor Novruzəli Orucov cəbhə xəttində düşmən təxribatının qarşısının alınması zamanı Silahlı Qüvvələrimizin
nümayiş etdirdiyi qəhrəmanlıqdan söhbət açaraq, gəncləri Vətəni qorumaq kimi müqəddəs bir vəzifəyə başlamaları münasibəti ilə təbrik edərək, onlara hərbi xidmətdə uğurlar arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti Şuşa rayon bölməsinin rəisi Anar Əliyev gənc əsgərlər qarşısında duran vəzifələrdən danışdı, onlara xidmət müddətində nizam-intizamlı olmağı, komandirlərin bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyi tövsiyə etdi.
Digər çıxış edənlər gənc əsgərlərə yaxşı yol, salamatlıq və Milli Ordu sıralarında ləyaqətlə xidmət etməyi arzuladılar.
Çıxış edən çağırışçılar Vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.
Gənc çağırışçılar Azərbaycan Bayrağının altından keçərək vətənə sədaqətlə xidmət edəcəklərinə söz verdilər. Onlar musiqi sədaları altında Milli Ordu sıralarına fərəhlə yollandılar.