Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalı günü

11 fevral 2017 | 16:00

1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndini işğal etmişdir. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərinin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçmiş, üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilmişdir. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilmişdir. İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilmiş, əsir götürülmüş, yüzlərlə sakin yaralanmışdır.

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinin erməni separatçıları tərəfindən işğalının 25-ci ildönümü ilə bağlı 11.02.2017-ci il tarixdə Quşçular və Malıbəyli kənd əhalisinin böyük əksəriyyətinin məskunlaşdığı Sabunçu rayonu Pirşağı qəsəbəsi, “Gilavar” sanatoriyasında və “Ramana-450” qəsəbəsində tədbirlər keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şuşa Tank batalyonunun komandiri Hacı Əzimov və tankçıları, idarə və müəssisə rəhbərləri, ziyalılar, kənd sakinləri, məktəblilər iştirak etmişdir.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, erməni vandallarının törətdiyi terrorizmdən, azərbaycanlıların soyqırıma məruz qalmasını təsdiqləyən faktlardan, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının mühüm əhəmiyyətindən söhbət açmışdır.

Milli Məclisin deputatları Elman Məmmədovun, Flora Qasımovanın “Ramana-450” qəsəbəsində keçirilən tədbirdəki çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cənab Prezidentin prinsipial mövqeyi, dövlətimizin artan sosial-iqtisadi inkişafı nəticəsində beynəlxalq arenada söz sahibi olması, böyük qələbəyə olan inam və ümid ifadə olunmuşdur.

Şuşa rayon İcra Hakimiyyəti başçısının Quşçular və Malıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri Sahib Musayev, Müzəffər Babayev, Tank batalyonunun komandiri Hacı Əzimov Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin törətdiyi vəhşi əməllərin bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu bir daha vurğulamışlar.

Quşçular və Malıbəyli kəndlərinin işğaldan əvvəlki dövlərdəki zamanından bəhs edən, vətən uğrunda canlarından keçən hər iki kəndin şəhidləri haqqında videoçarx nümayiş edildi.

Şuşada doğulmayan Quşçular və Malıbəyli kənd məktəblilərinin ifasında şəhidlərimizin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar maraqla, kədər hissi ilə qarşılandı.

Keçidlər