Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

15 fevral 2017 | 16:00

Şuşa rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

15 fevral tarixində Şuşa rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad etdilər.Sonra yığıncaq iştirakçıları foyedə düzülmüş stendlərdən Şuşa rayonu üzrə 2016-cı ilin yekunlarını əks etdirən statistik göstəricilərlə tanış oldular.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı Elman Məmmədov iştirak edirdi. Yığıncağa İcra nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunmuşdur.

Fevral ayının 11-də Şuşa rayonunun Malıbəyli, Quşçular kəndlərinin, 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin və 26-da Xocalı faciəsinin erməni silahlı qüvvələri tərəfindən işğalının ildönümüdür. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir!

Yığıncaqda Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov hesabat məruzəsində yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda, yanvar ayının 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı” nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının verdiyi

tapşırıq və tövsiyələr barədə geniş məlumat vermiş, əldə olunmuş uğurlar, nöqsanlar və qarşıda duran vəzifələri geniş təhlil etmişdir. Bildirdi ki, yola saldığımız 2016-cı ildə dünyada baş verən ağır maliyyə böhranı, dünya bazarında neftin qiymətinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşməsi iqtisadi inkişafla bağlı vəziyyəti bir qədər də ağırlaşdırmışdır. Qlobal maliyyə böhranına, dünya iqtisadiyyatında cərəyan edən mənfi təzahürlərə baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir. B.Səfərov əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklərin edilməsi, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdi. Ordu quruculuğu ilə bağlı ölkəmizdə aparılan islahatlar barədə danışan B.Səfərov vurğulamışdır ki, 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Artıq ölkə rəhbərinin sərəncamı ilə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində infrastrukturun yaradılması ilə bağlı ilkin olaraq 4 milyon manat vəsait ayrılmışdır. Bu, Qarabağ torpaqlarına tarixi qayıdışın başlanmasıdır.

Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanılıb.

Cənab başçı öz məruzəsində Şuşa rayonu üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdikdən sonra, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, prinsipial fəaliyyəti nəticəsində ölkəmizin ərazi bütövlüyünə qarşı çağırışlar edən Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinin dövlətimizin beynəlxalq nüfuzunun bariz göstəricisi olmasını qeyd etdi. B. Səfərov bildirdi A.Lapşinin ekstradisiyası Ermənistanın

növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır. Erməni ekspertlər A.Lapşinin ekstradisiyasını S.Sarkisyanın növbəti məğlubiyyəti, xarici siyasətin isə böyük fəlakəti hesab edirlər. İşğalçı ölkədə açıq bəyan edilir ki, Lapşinin ekstradisiya edilməsi həm də Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin 2016-cı ildəki fəaliyyəti ilə bağlı İcmanın Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov məlumat verdi.

Hesabat məruzəsi ətrafında rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Sumqayıt Regional Mədəniyyət və idarəsinin baş məsləhətçisi – Şuşa rayonu üzrə nümayəndə Zahid Abbasov, Şuşa rayon Kənd Təsərrüfatı idarəsinin müdiri Yaşar Salahov, rayon İcra Hakimiyyəti başçısının Şırlan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Namiq Hüseynov çıxış edərək, 2016-cı ildə aidiyyəti sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Şuşa rayon Ağsaqqallar Şurasıının sədri Məmməd Hacıyev, Şuşa rayon Məşğulluq Mərkəzinin müdiri Vəsilə Xəlilova, Malıbəyli kənd İƏD üzrə nümayəndə Müzəffər Babayev, Quşçular kənd İƏD üzrə nümayəndə Sahib Musayev çıxış edərək Başçının hesabatını yüksək qiymətləndirmiş, rayon İcra Hakimiyyətinə öz təşəkkürlərini bildirmiş, bəzi təkliflərini irəli sürmüşlər.

İclasda çıxış edənlər şuşalıların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəklədiklərini, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inamlarını bildirdilər.

Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək, Şuşa rayonu üzrə əldə olunmuş uğurlardan, mövcud problemlərdən və

onların aradan qaldırılması yollarından danışdı, şuşalılara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov öz çıxışında 2017-cı il yanvar ayının 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrasda ölkə başçısı tərəfindən irəli sürülən bir çox məqamlara toxunmuş, öz tapşırıq və tövsiyələrini vermiş, neqativ halların aradan qaldırılması üçün hər bir məmurun işinə daha məsuliyyətlə yanaşmasını tələb etmişdir. A.Əhmədov bildirmişdir ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilmişdir. 2016-cı ildə ölkədə qeyri-neft sənayesi 5 % və kənd təsərrüfatı istehsalında 2,6 % artım qeydə alınmış, maaşlar 7 %, pensiyalar 8 % artmışdır. Dövlət başçısı iqtisadiyyatın əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermiş, bu il pambıqçılığın, baramaçılığın, fındıqçılığın inkişaf etdirilməsinin, xurma, nar, badam və zeytun bağlarının genişləndirilməsinin vacibliyini bildirmiş və dövlət başçısının tütün və üzüm istehsalının artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi bu sahədə ixrac imkanlarının genişləndirilməsinə imkan yaradacaqdır.

Yığıncağın sonunda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edənlər fəxri fərmanla təltif olunmuşdur.

 

 

Keçidlər