22 aprel 2025-ci il tarixdə Şuşa Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Uşaq hüqularının müdafiəsi mövzusunda tədbir keçirildi
22 aprel 2025 | 17:19
22 aprel 2025-ci il tarixdə Şuşa Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Uşaq hüqularının müdafiəsi mövzusunda tədbir keçirildi. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun müdiri Rəsmiyyə Məmmədova, YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Şuşa rayon nümayəndələri, müəllim və şagirdlər iştirak edirdi.
Tədbiri başlamazdan əvvəl torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Natiq Mahmudov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını qeyd etdi. Bildirdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Uşaq hüqularının müadafiəsi sahəsində Uşaq Səfirlər Məclisinin Şuşa rayon nümayəndələrinin ötən dövr ərzində fəaliyyətini yüksək qiymətləndirən Natiq Mahmudov “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətlərdən biri kimi Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində milli qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirildiyini, dövlət proqramları, strategiyalar və digər əhəmiyyətli sənədlərin qəbul olunduğunu, institusional mexanizmlərin yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun müdiri Rəsmiyyə Məmmədova çıxışında “Konstitusiya və Suverenlik İli”nin dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıdığını vurğulayaraq, istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyət olduğunu qeyd etdi. Uşaqların hüquqlarının qorunması sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyəti, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verdi.
7 saylı məktəbin şagirdi Nadirova Mələk Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Şuşa rayonu üzrə nümayəndəsi kimi uşaq hüquqlarının müdafiəsi istiqamətində müvafiq maarifləndirilmə işinin aparılması və ya hüquqların pozulması halları ilə qarşılaşdıqda müvafiq məsələlərin həlli sahəsində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etmələrindən, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tədbirlərdəki iştiraklarından danışdı. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühim tarixi hadisə olduğunu bildirən Mələk Nadirova bu mövzuda məktəblərdə dəyirmi masaların, görüşlərin keçirildiyini qeyd etdi.
Tədbirin sonunda, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Şuşa rayon nümayəndələri, müəllim və şagirdlər ilə xatirə şəkli çəkdirildi.