Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir

25 aprel 2017 | 16:00

25 aprel 2017-ci il tarixində Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Suraxanı və  Şuşa rayon İcra Hakimiyyətlərinin başçıları və əməkdaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Albert Aqarunovun döyüş yoldaşları və məktəblilər iştirak etmişdir. Qəhrəmanın adının əbədiləşdirilməsi məqsədilə Suraxanı rayonu, Əmircan qəsəbəsində onun yaşadığı binaya vurulmuş xatirə lövhəsinin açılışı olmuşdur.Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  açmış, Albert Aqarunovun qəhrəmanlıq və sücaətindən bəhs etmişdir. Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin  Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı nəticəsində xalqımızın üzləşdiyi ağır faciələrdən danışmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti, uğurlu siyasət xətti barədə  geniş və ətraflı məlumat verərək qeyd etmişdir ki, Möhtərəm Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Bu gün Azərbaycan regionun ən güclü dövlətidir, ölkəmizin iqtisadi və hərbi potensialı sürətlə artır. Torpaqlarımızı hər zaman azad edə biləcək qüdrətli ordumuz var.Sonra B.Səfərov Albert Aqarunovun Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etməsindən, 8 may 1992-ci ildə Şuşada döyüş meydanında qəhrəmancasına şəhid olmasından danışmışdır.
Tədbirdə digər çıxış edənlər də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfli və bütün gənclərə örnək olan nümunəvi həyat yolundan, qəhrəmanlığından danışdılar.
Rəsmi hissədən sonra Suraxanı rayonu Heydər Əliyev Parkında Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin ansamblının və Şuşa Uşaq İncəsənət məktəbinin kollektivinin  hazırladığı konsert proqramı təqdim olundu.

Keçidlər