Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günüdür

23 iyun 2022 | 10:42

Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


       İyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli “Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis edilmişdir. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilsin.

Bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən, 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi qeyd edilmişdir. Həmin qətnamədə BMT-nin üzvü olan dövlətlərə tövsiyə olunmuş­dur ki, dövlət qulluğunun dövlətlərin inkişafında əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etsinlər. Dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin günü “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” kimi təsis etmişdir. Respublikamızda çalışan çoxsaylı dövlət qulluqçuları öz bayramlarını 2006-cı ildən etibarən təntətnəli şəkildə qeyd edirlər.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri bu gün də özünü göstərməkdədir. Dövlət qulluğu sahəsində köklü islahatlara məhz ulu öndərin ölkəyə rəhbərliyi dövründə başlanılmışdır. Ümummilli liderimizin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli maraqların həllinə qadir və müasir tələblərə cavab verən dövlət idarəçilik prinsiplərini təsbit etdi. 1996-cı ildə Hüquq İslahatları Komissiyası, 1998-ci ildə isə Dövlət İdarəçiliyi Sistemində İslahatların Aparılması üzrə Dövlət Komissi­yası yaradıldı. Hər iki komissiya­nın gördüyü işlər, əsasən, ölkədə demokratik proseslərin inkişafına, qəbul edilən qanunların beynəlxalq standartlara uyğunlaşdırılmasına, dövlət idarəçiliyi sisteminin modernləşdirilməsinə yönəldilmişdir. Bu qanunvericilik aktlarının böyük bir qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəlmişdir. Bununla da ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Beynəlxalq ekspertlər tərəfindən də etiraf olunur ki, Azərbaycan müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Belə islahatlar çevik dövlət idarəçilik sisteminin formalaşdırılmasında, insan hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunmasında, ən əsası isə Azərbaycanın dünya birliyinə inteqrasiyasının sürətləndirilməsində, müstəqil demokratik dövlət imicinin formalaşdırılmasında böyük əhəmiyyət kəsb edirdi.

Dövlətimizin başçısının rəhbərliyi ilə keçirilən bütün tədbirlərdə məmurların, dövlət qulluqçularının əsas vəzifələrinin xalqın xidmətçisi olmaları, yekəxanalıq etməmələri diqqətə çatdırılmışdır. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2006-cı il Sərəncamına əsasən hər il respublikamızda 23 iyun Dövlət Qulluqçularının Peşə bayramı kimi qeyd edilir. Bu münasibətlə bütün dövlət qulluqçularını təbrik edir və daima işlərində müvəffəqiyyətlər arzu edirik.

Keçidlər