Şriftin ölçüsü :

Saytın rəngi :

“23 iyun -  Dövlət Qulluqçularının Peşə bayramı” münasibətilə tədbir keçirilmişdir

21 iyun 2024 | 17:22

21 iyun 2024-cü il tarixdə Şuşa rayon İcra Hakimiyyətinin inzibati binasında “23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı” münasibətilə tədbir keçirildi. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İcra Hakimiyyəti və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin sədri İlkanə Hüseynli, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri iştirak edirdilər.                 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan oğulların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş nitqi ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov  açaraq dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı.    

Bayram Səfərov çıxışında bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Dövlətimizin inkişafı, tərəqqisi və rifahı naminə hər bir dövlət qulluqçusu öz vəzifəsini vicdanla, Vətəninə, xalqına sədaqət hissi ilə yerinə yetirməyə borcludur. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan icra başçısı bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. O, vurğuladı ki, dövlət qulluqçularının peşə bayramı da məhz Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Dövlət qulluqçusu peşəsinin çox çətin olduğunu və bu peşədə çalışan insanların daim dövlətin keşiyində durduğunu, onların hər bir addımının, hər bir hərəkətinin sıravi vətəndaşlar tərəfindən izlənildiyini qeyd edən başçı bütövlükdə hər bir vətəndaşın öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəslədiyini və onların bu ümidləri mütləq doğrultmalarını diqqətə çatdırdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən  44 Günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin və möhtəşəm Zəfərin  dövlət qulluqçularının  peşə bayramlarına xüsusi sevinc gətirərək, unudulmaz etdiyini qeyd edən başçı 2024-cü ildə Şuşa şəhərinə Böyük Qayıdışın başlanmasının bütün şuşalılar tərəfindən ruh yüksəkliyi və minnətdarlıqla qarşılandığını qeyd etmişdir. Hər birimiz qəti əminik ki, bundan sonrada dövlət başçısı cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmiz daha böyük uğurlara imza atacaqdır.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin sədri İlkanə Hüseynli respublikamızda dövlət qulluğunun təkmilləşməsi istiqamətində aparılan islahatlardan söz açdı, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər haqqında geniş nitq söylədi.  Tədbirin sonunda dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim olundu.

Dövlət qulluqçuları Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında xalqımıza xidmət etməkdən şərəf və qürur duyduqlarını, həmişə olduğu kimi bundan sonrada dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini bildirdilər.

Keçidlər