Şriftin ölçüsü :

Saytın rəngi :

“İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”

06 iyun 2017 | 16:00

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu 05 iyun 2017-ci il tarixdə Şuşa rayon İcra Hakimiyyətində ölkədə aparılan sosial-ideoloji maarifləndirmə işinin daha da genişləndirilməsi, ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin mahiyyətinin və hədəflərinin cəmiyyətə operativ, düzgün və hərtərəfli şəkildə çatdırılması məqsədilə “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda maarifləndirici mühazirə təşkil etmişdir.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin  sədri-icmanın rəhbəri Bayram Səfərov çıxış edərək bildirdi ki,  möhtərəm Prezidentimiz Zati-aliləri cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi siyasi xəttini layiqincə davam etdirir, milli inkişaf strategiyasını uğurla həyata keçirir. Möhtərəm Prezidentimizin düşünülmüş daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada ildən-ilə artır. Ötən ilin aprel ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə düşmənin təxribatlarının qarşısının layiqincə alınması, Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi yüksək döyüş əzmi, həyata keçirdiyi ixtisaslı hərbi əməliyyatlar və əldə edilmiş qələbə bir daha dövlətimizin qüdrətini, gücünü bariz şəkildə nümayiş etdirdi.
Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının  professoru  Elçin Əhmədov “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” adlı məruzə ilə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verərək, son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi inkişafdan,  ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə lider dövlətə çevrilməsindən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlər və idman yarışlarından,  aparılan geniş abadlıq və quruculuq işlərindən danışmışdır.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva son illərdə ölkəmizin öz müstəqilliyini daha da möhkəmləndirməsindən, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atmasından söhbət açmışdır.
Sonda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparıcı məsləhətçisi Şəlalə İsmayılova “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin  sədri-icmanın rəhbəri Bayram Səfərova dərslərin təşkil edilməsində  göstərdiyi köməkliyə görə öz təşəkkürünü bildirmişdir.

Keçidlər