Şuşa rayonunun ümumtəhsil məktəblərində son zəng tədbirləri keçirilmişdir
14 iyun 2017-ci il tarixdə Şuşa rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlanmış «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur.
Belə tədbirlərdən biri də Şuşa şəhər 6 nömrəli tam orta məktəbində yüksək səviyyədə qeyd edilmişdir. Tədbirdə Şuşa rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, məktəbin sabiq direktoru Qutabə Məmmədova, Şuşa rayon İcra Hakimiyyəti başçısının Quşçular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahib Musayev və məktəbin müəllim, şagird kollektivi, eyni zamanda valideynlər iştirak edirdilər.
Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan 6 saylı tam orta məktəbin direktoru Naimə Əliyeva məktəb kollektivinin uğurlarını qeyd edərək, Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən danışdı, bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, elmli, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin təhsil almaları üçün dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılıb. Belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişafı naminə bütün qüvvələrini sərf etməlidirlər.
Tədbirdə 11-ci və 1-ci sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuş, daha sonra son zəng çalınmışdır.
Şuşa rayonunun ümumtəhsil məktəblərində «Son zəng» tədbirlərində Şuşa rayon İcra Hakimiyyətinin məsul işçiləri Gülbəniz Babayeva, Ülvi Heydərov, Natiq Mahmudov, Qalib Kazımov yaxından iştirak etmişlər.