24 aprel 2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi
24 aprel 2026 | 17:53
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Şuşa rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 60 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. 24 aprel 2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolunu tutmuş respublikamızın həyatında son dövrlərdə baş verən yeniliklər, ölkəmizin beynəlxalq arenada artan nüfuzu ilə bağlı geniş məlumat verdi.
Şuşa şəhərinə əhalimizin mərhələli şəkildə köçürülməsindən söz açan RİH başçısı köçürülməsi nəzərdə tutulan sakinlərin məşğulluğunun təmin olunması sahəsində görülən işləri yüksək qiymətləndirdi.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova müraciət edən rayon sakinləri diqqətlə dinlənildi, səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alındı.






