“İslam həmrəyliyi ili” çərçivəsində Şuşa rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir
Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ili” çərçivəsində dinlə bağlı məsələlərin vəziyyəti və “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi sahəsində rayon üzrə görülən işlər haqqında tədbir keçirilmişdir.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri - icma rəhbəri Bayram Səfərov öz çıxışında dini maarifləndirmə ilə bağlı Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərməsindən, IV İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətindən danışmışdır.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması, İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların təmiri, bərpası ilə bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncamlar barədə məlumat vermiş, dinlə bağlı məsələlərin vəziyyəti və “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi sahəsində rayon üzrə görülən işləri diqqətə çatdırmışdır.
Şuşa rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqların bərpa olunmasından, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalqımızın multikultural və dini-mənəvi dəyərlərin qorunması, Azərbaycan Konstitusiyasında ölkəmizdə dinindən, irqindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən insanların etiqad azadlığının təsbit edilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsini vurğulamış, 2016-2017-ci illər ərzində Şuşa rayon İcra Hakimiyyətinin dini maarifləndirmə ilə bağlı keçirdiyi tədbirlər haqqında məlumat vermişdir.
Şuşa rayonunun Axundu Mirabdullah Həsənli Azərbaycanın hər zaman dünyada multikulturalizmin və tolerantlığın məkanı sayılmasından, ölkəmizdə heç zaman milli, dini zəmində ayrı-seçkilik və qarşıdurmaların baş verməməsindən, Şuşa rayon əhalisinin sıx məskunlaşdığı ərazilərdə dini maarifləndirmə ilə bağlı aparılan söhbətlərdən danışmışdır.