Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Şuşa rayon İcra Hakimiyyətində tədbir keçirilib

14 iyul 2017 | 16:00

Şuşa rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə  tədbir keçirilib.
Tədbiri açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın  rəhbəri Bayram Səfərov  ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın inkişafı, hüquqi, dünyəvi dövlət və ordu quruculuğu, xalqımızın maddi rifah halının yüksəldilməsi sahəsində misilsiz xidmətlərindən danışmışdır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” - deyən Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına qayğı ilə yanaşmışdır. 1969-1982-ci illərdə həyata keçirilən layihələr öz miqyasına görə Azərbaycanın quruculuq dövrünü təşkil edir. Ölkəmizin müstəqilliyi və bugünkü  möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Ermənistanın Avropa Şurası tərəfindən təcavüzkar kimi tanınmasında Heydər Əliyevin əvəzsiz xidmətləri var. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin may ayının 12-də Ermənistanla atəşkəs haqqında razılaşma əldə olundu, hərbi əməliyyatlar dayandırıldı.Sonra B.Səfərov qeyd etdi: “Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi, ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq aləmdə nüfuz qazanması Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması yolunda  dövlətimizin, cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, həmin ərazilərdə üçrəngli müqəddəs bayrağımız dalğalanacaqdır!”
Sonra ümummilli lider haqqında bəhs edən film nümayiş etdirilmişdir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva öz çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycanda daxili ictimai-siyasi sabitliyin yaradılması, uzaqgörən və müdrik xarici siyasət yeritməsi, cəmiyyətdə demokratik prinsiplərin bərqərar olması, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətini diqqətə çatdırmışdır.
  Şuşa rayon Məhkəməsinin sədri Allahverən Həsənov, Təhsil şöbəsinin müdiri, YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində Ulu öndər Heydər Əliyevin fəaliyyətindən, respublikada elmin, təhsilin, səhiyyənin sürətli inkişafının təmin edilməsindən, gənclərin hərbi təhsil məsələsinə xüsusi diqqət yetirilməsindən danışmışlar. 
Sonda  ümummilli lider Heydər Əliyevin şuşalılarla görüşlərindən bəhs edən videoçarx göstərilmişdir.

Keçidlər