Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir

19 iyul 2017 | 16:00

19 iyul tarixində Şuşa rayonu üzrə 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı B.Səfərovun hesabat məruzəsi dinlənilmişdir. B. Səfərov məruzəsində bildirmişdir ki, iyul ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dövlət başçısı giriş nitqində 2017-ci ilin birinci yarısında ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini vurğulamış, dünyada müharibələrin, münaqişələrin, qanlı toqquşmaların, təhlükələrin artdığı, iqtisadi böhranın daha da dərinləşdiyi bir zamanda ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunmuş, ictimai-siyasi sabitlik möhkəmlənmişdir. Cənab Prezident bildirmişdir ki, qeyri-neft iqtisadiyyatı 1,7 faiz,  qeyri-neft sənayesi 4,4 faiz artmışdır. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatları 3 milyard dollar artaraq, 40,6 milyard dollar təşkil edir. Kənd təsərrüfatı 2,2  faiz artıb. Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. İdxal 15 faiz azalıbdır. Prezident İlham Əliyev öz çıxışının sonunda 2017-ci ilin ilk altı ayının yaxşı nəticələrlə yekunlaşdığını bildirdi. Sənaye istehsalının, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir, sənaye parkları yaradılır. 
Cənab Prezident Dağlıq-Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır. Ötən ay Ermənistanın törətdiyi təxribat nəticəsində bir hərbçimizin şəhid olduğunu, lakin ordumuzun yenə də düşmənə layiqli cavab verdiyini deyən Prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunu Ermənistanın siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdiyini bildirdi. “Bu cinayət cavabsız qoyulmadı”, - deyə Azərbaycan Prezidenti vurğulamışdır.
İcra başçısı  əhalinin sosial müdafiəsi məsələlərindən, təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, rayonda ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.
Şuşa rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Şırlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Hüseynov, Şuşa rayon Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Tuqay Bəhmənov, Şuşa Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov  məruzə ətrafında çıxışlar etmişlər.
Məsələ ilə bağlı Qərar layihəsini rayon İcra Hakimiyyətinin Sektor müdiri Ülvi Heydərov  oxumuşdur.
Yığıncağın sonunda  Milli Mətbuat günü ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı B.Səfərov ətraflı çıxış etmiş, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevi uzun müddət səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif etdi.

Keçidlər