Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində “5 oktyabr - Beynəlxalq Müəllimlər günü” qeyd edilmişdir

05 oktyabr 2017 | 16:00

Şuşa rayon İcra Hakimiyyəti «5 oktyabr - Beynəlxalq Müəllimlər günü» münasibətilə 2017-ci il 5 oktyabr tarixində tədbir keçirmişdir. Tədbirdə Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil işçiləri, qocaman müəllimlər, ziyalılar iştirak edirdi.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq, əlamətdar gün münasibətilə təhsil işçilərini təbrik etmiş, çıxışında bildirmişdir ki, «Beynəlxalq Müəllimlər günü» UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir, müəllim adı hər zaman ucalıq, ziyalılıq rəmzi kimi böyük hörmətlə, yüksək ehtiramla çəkilir. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə hörmət və ehtiramla yanaşaraq deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Ulu öndərin təhsilə, müəllimə qayğıkeş münasibəti dövlətimizin siyasətində önəmli yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil siyasəti uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrların hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Cənab Prezident müəllimlərin əməyini yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”. Prezidentin bu sözləri bir daha ölkəmizdə müəllimlərin nüfuzunun necə yüksək olduğunu göstərir. B.Səfərov elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında əvəvzsiz xidmətləri olan ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır.

«Müəllim günü» ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən - Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, İcra Hakimiyyəti başçısının müavini V.Fətəliyeva təhsil işçilərini təbrik edərək, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətdən danışmış, həyata keçirilən təhsil islahatlarından və təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılması sahəsində görülən işlərdən söz açmışlar.

Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev bildirdi ki, Azərbaycanda təhsilin səviyyəsi ildən-ilə artır, müasir tələblərə cavab verən təhsil müəssisələri inşa edilir, bu sahədə çalışan insanların əmək haqları mütəmadi olaraq artırılır. Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev, Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin direktoru Mirkamil Ağamirov çıxış edərək müəllimləri bayram münasibətilə təbrik etmiş, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qocaman müəllimlərdən Mərhəmət Abdullayev müəllimə aid seir söyləyərək, bugünkü tədbirin keçirilməsində əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirmişdir. Şair-publisist, uzun müddət təhsil sahəsində çalışan Əyyub Şırlanlı məktəb həyatının kövrək xatirələrindən danışmışdır.

“Müəllim Günü” münasibətilə təhsilin inkişafında uğurlu fəaliyyətinə görə bir qrup müəllim rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, onlara mükafatlar verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamıyla «Tərəqqi» medalına layiq görülən Şuşa şəhər 3 nömrəli məktəbin direktoru Elmira Əliyeva təbrik edilmişdir.

Tədbir “Müəllimlər günü”nə həsr edilmiş bədii proqramla davam etmişdir. Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin və Şuşa Humanitar Kollecinin tələbələrinin ifasında musiqi nömrələri, 1 nömrəli məktəbin şagirdləri – Zəhra Qurbanlının, İsmayıl Quliyevin, balaca Aydan Əliyevanın söylədiyi şeirlər maraqla qarşılanmışdır.

Keçidlər