Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral Xocalı soyqırımı

26 fevral 2024 | 17:45

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. 26 fevral 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Rayon Mərkəzi Kitabxana Sistemində Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şuşa Rəsm Qalereyasının Xocalı soyqırımına həsr edilmiş rəsmlərdən ibarət sərgisinə baxış keçirilmişdir.

Tədbirdə çıxış edənlər – Şəhid ailəsi Güllü Quliyeva, Şuşa Rayon Mərkəzi Kitabxana Sistemin direktoru, Əməkdar Mədəniyyət işçisi Gülsarə Abbasova, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəlil Vəliyev, Qarabağ Regional Təhsil idarəsinin əməkdaşı Samirə Hüseynova,  ehtiyatda olan Polis-polkovniki Sabir Məmmədov, Şuşa Rayon Mədəniyyət Evinin direktrou Rüstəm Əliyev, Şuşa Rəsm Qalereyasının direktoru Anar Cəbizadə bildirdilər ki, Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biridir.

Şuşa MKS-nin fəal oxucularından olan Təhminə Abdullayeva Xocalı faciəsi ilə bağlı şeir söylədi.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini  Vüsalə Fətəliyeva qeyd etdi ki, erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı nəticəsində xalqımız ağır faciələrlə üzləşmişdir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca ödürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində Prezidentin tapşırığı ilə böyükmiqyaslı quruculuq-tikinti işləri aparılır.

Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərə, o cümlədən Xocalı soyqırımının qurbanlarına Allahdan rəhmət diləyirik!

Keçidlər