Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür

26 iyun 2024 | 14:56
26 iyun 2024-cü il tarixdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Şuşa RİH-in məsul işçiləri, idarə, müəssisə rəhbərləri, qazilər, şəhid ailələri və rayon ictimaiyyəti tərəfindən “26 İyun Silahlı Qüvvələr Günü” ilə əlaqədar ll Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan igid, qəhrəman Azərbaycan oğullarının məzarları II Fəxri Xiyabanda ziyarət olundu, onların xatirəsi ehtiramla yad edildi.
Bu gün Silahlı Qüvvələr Gününü məhz torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun - Silahlı Qüvvələr Günündə 106 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə Sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var. Ötən il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun və 300-ə yaxın kəndin strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 21 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduqlarını bildirən Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, qalib Milli ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda daim bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Azərbaycan ədaləti bərpa edəcək. Böyük qətiyyətlə və inamla səsləndirilən bu fikirlər Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlarla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun qüdrətinin və gücünün artmasına əsaslanırdı. Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.
Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.
Silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.
Keçidlər