Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı Şuşa rayonu üzrə silsilə tədbirlər keçirilmişdir

18 yanvar 2018 | 16:00

 

1990-cı ilin faciəli 20 yanvar günü Azərbaycan xalqının tarixinə Qanlı yanvar faciəsi kimi daxil olmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş 20 yanvar faciəsi insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Bakı şəhərinə əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeritdilər. Hadisə nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, 700-dən çox insan yaralandı, 321 nəfər itkin düşdü. Vəhşicəsinə öldürülənlər arasında 20-dən artıq qadın və uşaq olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamına əsasən Şuşa rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və faciənin ildönümü münasibəti ilə rayonun idarə, müəssisələrində, ümumtəhsil məktəblərində anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir.

2018-ci il 18 yanvar tarixində Şuşa rayon İcra Hakimiyyətinin və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Aparatın məsul işçiləri, rayonun idarə, müəssisə rəhbərləri, ziyalılar və məktəblilər iştirak edirdi.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin ilk olaraq Sovet imperiyasının bu vəhşiliyinə Moskvada açıq surətdə öz etirazını bildirməsindən, onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi qiymətin verilməsindən danışmışdır. Cənab Başçı bildirmişdir: “Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-çı il Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. Bu gün biz Vətənimizin, xalqımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızla fəxr edirik. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, şəhidlərimiz Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Çünki Vətən özünün şəhidləri ilə ucalır.Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər də yüksək dəyərlərə malikdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağ münaqişəsi, xalqımızın qanlı tarixi - 20 Yanvarla bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir.Azərbaycan dövlətini, onun Prezidentini, hər bir Azərbaycan vətəndaşını bu gün narahat edən ən vacib məsələ, təbii ki, Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İndiyə kimi Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi Qarabağ müharibəsinin sülh yolu ilə həll olunmasına mane olur. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağ problemini sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çalışır. Eyni zamanda Prezidentimiz Qarabağ münaqişəsi ilə bağlı keçirdiyi bütün görüşlərdə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edərək bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Azərbaycan bütün vasitələrdən istifadə edərək öz torpaqlarını ya sülh, ya da müharibə yolu ilə işğaldan azad edəcəkdir. Bir daha qeyd edirəm ki, bu, Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Prezidentimiz cənab İlham Əliyevin qəti və dəyişməz mövqeyidir. Biz inanırıq ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağı gün çox da uzaqda deyil.”

Milli Məclisin deputatı Elman Məmmədov, II qrup “20 Yanvar” əlili Asif İbrahimov öz çıxışlarında xalqımızın başına gətirilən həmin günün ağır faciələrindən söz açmış, belə tədbirlərin yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində mühüm əhəmiyyətindən danışmışlar.

Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında 20 yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

 

 

 

Keçidlər