Xocalı soyqırımının 26-cı ildönümü
23 fevral 2018-cı il tarixdə Şuşa rayon İcra Hakimiyyəti “Azərsun Holdinq” Şirkətlər qrupunun Mədəniyyət Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirmişdir.
Xocalı soyqırımında şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva bildirmişdir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən faciəli hadisələrdən biri Qarabağın qədim yaşayış məskəni olan Xocalıda dinc əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı olmuşdur. Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımlar atdığını bildirən V.Fətəliyeva bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, məhz onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini iştirakçılarının diqqətinə çatdırdı. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində bu siyasət dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir."Xocalıya ədalət" kampaniyası Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində xeyli iş görüldüyü V.Fətəliyeva tərəfindən diqqətə çatdırılmışdır. Beynəlxalq informasiya və təbliğat kampaniyası bir çox ölkədə tədbirlər və aksiyalar keçirmiş, Xocalı soyqırımı haqqında həqiqi məlumatların dünyada yayılmasına nail olmuş, ermənilərin törətdiyi bu vəhşi əməllər bəşəriyyətə qarşı cinayət kimi təbliğ edilmişdir.
Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Sovet Allahverdiyev çıxış edərək Xocalı soyqırımı zamanı xalqımızın başına gətirilən ağır faciələrdən söz açmış, qeyd etmişdir ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.
Tədbirdə “Azərsun Holdinq” Şirkətlər qrupunun əməkdaşı Afik Səfərov çıxış edərək Xocalı soyqırımı zamanı xalqımızın başına gətirilən ağır faciələrdən söz açmışdır.
Rəsmi hissədən sonra tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Enurə Abdullayevanın müəllifi olduğu şəhidlərimizin xatirəsinə həsr edilmiş “Əsgər papağı” adlı tamaşa ilə davam etmişdir. Müəllif Enurə Abdullayeva bu tamaşanın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirmişdir.
Şuşa rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev öz çıxışında BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda müxtəlif dövrlərdə əsl həqiqəti əks etdirən qətnamə və qərar qəbul olunduğunu xatırlatmış, lakin bütün beynəlxalq hüququn norma və prinsiplərini pozan təcavüzkar Ermənistanın bu qətnamə və qərarlara əhəmiyyət vermədiyini diqqətə çatdırmışdır. Xalqımızın qələbə əzmini xüsusi vurğu ilə qeyd edən Ə.Hacıyev Ali Baş komandanın rəhbərliyi altında tezliklə yurd yerlərimizin işğaldan azad ediləcəyini bildirmişdir.