Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 21 il keçir
Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib. Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib
İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb. Qalan əhali qarlı, şaxtalı havada bir neçə kilometr dağ yolunu və erməni postlarını çətinliklə keçərək Ağdam rayonuna gələ bilib.
Hər il olduğu kimi bu il də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinin erməni separatçıları tərəfindən işğalının 21 - ci ildönümü ilə bağlı Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən 11.02.2013 - cü il tarixdə Malıbəyli və Quşçular kənd əhalisinin böyük əksəriyyətinin məskunlaşdığı Sabunçu rayonu “Ramana - 450” və Pirşağı qəsəbələrində tədbirlər keçirilmişdir. Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” nın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ziyalılar, kənd sakinləri iştirak etmişdir.