Şuşa rayon İcra Hakimiyyətində «9 May-Qələbə Günü»nə həsr edilmiş tədbir
Alman faşizmi üzərində tarixi qələbədən 73 il keçir. Azərbaycan xalqı döyüş cəbhələrində, səngərlərdə, arxa cəbhədə fədakar əməyi ilə düşmən üzərində qələbə naminə misilsiz rəşadətlər göstərmişdir.
Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «9 May-Qələbə Günü»nə həsr edilmiş rayon tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikas Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov öz çıxışında Böyük Vətən müharibəsi illərində 640 mindən çox Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərməsindən danışaraq bildirmişdir ki, bu cəbhələrdə 300 mindən çox azərbaycanlı həlak olmuşdur. Döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər "Şərəf" ordeni ilə təltif olunmuş, ön cəbhədə göstərdikləri qəhrəmanlığa görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub.
B.Səfərov çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Böyük Vətən müharibəsi cəbhələrində həlak olanların ailə üzvləri, müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial problemlərinin həlli, sosial təminat səviyyəsinin
yaxşılaşdırılması Ulu öndərin layiqli varisi cənab Prezidentimiz İlham Əliyevin də daim diqqətində olan məsələlərdəndir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının şöbə müdiri Adil Haqverdiyev, həmin təşkilatın Şuşa rayon filialının sədri Ağalar Əliyev, müharibə illərində döyüşmüş cəsur partizan Xanlar Babanlının oğlu Tofiq Babanlı Böyük Vətən Müharibəsi illərində xalqımızın igid oğlan və qızlarının rəşadətli döyüş yolundan söz açmışlar.
İgid döyüşçü Xanlar Babanlı haqqında sənədli film nümayiş etdirilmişdir.
Tədbirin sonunda Şuşa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə «9 May-Qələbə günü»nə həsr edilmiş musiqili ədəbi-bədii hissə maraqla qarşılanmışdır.