3 iyul tarixində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Qaranquş" sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşünü keçirdi
03 iyul 2026 | 17:39
Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması dövlətin güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmağın, vətəndaşların müraciətlərinə və problemlərinin həllinə qayğı ilə yanaşmağın vacibliyini örnək göstərir. Ölkə başçısı mütəmadi olaraq icra hakimiyyəti orqanlarının rəhbərlərinə vətəndaşların qayğılarını yerində öyrənmək, düzgün təhlil aparmaq və onları narahat edən məsələləri həll etmək barədə tapşırıqlar verir. Bu yanaşma vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Ölkə başçısının tapşırığına əsasən, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın müxtəlif bölgələrində məskunlaşmış rayon sakinləri ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklifləri ilə maraqlanır.
3 iyul tarixində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Qaranquş" sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşünü keçirdi. Görüşdə çıxış edən B.Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativliyin və vətəndaşlara həssas münasibətin əhali tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Rayon rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri barədə sakinlərə məlumat verdi.
Səyyar qəbulda vətəndaşların müraciətləri və təklifləri dinlənilib. Səsləndirilən məsələlərin bir qismi məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli üçün tədbirlər müəyyənləşdirilib, vaxt tələb edən digər məsələlər isə nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.






