Şuşa şəhər 1 nömrəli tam orta məktəbində ”Şəhadət” sənədli filmi nümayiş etdirilib
2018-ci il may ayının 17-də Şuşa rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” adlı tədbir keçirilmişdir.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Fidan Aslanova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva tədbirdə çıxış edərək, Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərməsindən danışmış, şuşalı gənclərə xalqımızın milli - mənəvi dəyərlərini yüksək səviyyədə qoruya bilməsi ilə bağlı öz dəyərli məsləhət və tövsiyələrini vermişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Fidan Aslanova öz çıxışlarında "Şəhadət" sənədli filminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmasından danışmışlar. Şəhid qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizmin təsirinə məruz qalaraq bir
sıra xarici ölkələrdə ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən filmin mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, öz qədim tarixi irsinə, milli-mənəvi, maddi-mədəni dəyərlərinə sadiq qalan hər bir gəncin vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olunması xüsusi qeyd edilmişdir.
Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva öz çıxışında bildirmişdir ki, torpaqlarımızın erməni işğalçıları tərəfindən təcavüzə məruz qaldığı bir zamanda, doğma yurd yerlərimizin xilası naminə gənc nəsildə doğma torpağa və xalqa məhəbbət, vətənin ərazi bütövlüyünə və müstəqilliyinə sədaqət kimi hisslər və yüksək ideyalar aşılanması baxımından bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. G.Babayeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filminin gənclərin maarifləndirilməsində və ölkəmizdə radikalizmlə mübarizədə təbliğat vasitəsi kimi rolundan danışıb.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən tədbirlərin gənclərimizin mənəvi ruhda yetişməsində əhəmiyyətindən danışıb.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunan ”Şəhadət” sənədli filmi nümayiş etdirilib.