Şriftin ölçüsü :

Saytın rəngi :

Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbinin hesabat konserti Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuşdu

15 may 2018 | 16:00

“Azərbaycan - yurdum mənim”

Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbinin hesabat konserti Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuşdu.

Mayın 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbi Xalq Cümhuriyyətinin 100 illiyinə və tədris ilinin yekununa həsr edilən “Azərbaycan - yurdum mənim” adlı tədbir keçirdi.

Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Mirkamil Ağamirov açaraq dövlət başçısının sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasının əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, 1918-ci ildə Cümhuriyyət qurulduğu bir vaxtda erməni daşnakları Qarabağa göz dikdilər. Bölgədəki yaşayış məntəqələrini ələ keçirməyə çalışdılar. Cümhuriyyətin hərbi naziri general Səməd bəy Mehmandarovun rəhbərliyi altında Azərbaycan ordusu Qarabağda erməni quldurlarını darmadağın etdi: “İnanırıq ki, bu tarixi qələbə bir daha təkrar olacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ yaxın vaxtlarda erməni millətçilərindən təmizlənəcək. Biz də doğma Şuşaya qayıdacağıq. Dövlət başçısının Qarabağla bağlı hər çıxışından sonra pedaqoji kollektivimizin ümidləri daha da artır. Şagirdlərə sənətin incəliklərini çox böyük həvəslə öyrədirlər. Məktəbin yetirmələrinin səsi-sorağı respublikamızın ən hörmətli təhsil ocaqlarından gəlir. Arzu edirik ki, gələcək hesabat konsertlərimizi Şuşada keçirək”.

Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm, Təhsil və Gənclərlə İş Şöbəsinin müdiri Yaşar Əliyev, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva iştirak edirdilər. Bayram Səfərov çıxış edərək pedaqoji kollektivin ürəkaçan fəaliyyətindən danışdı. Qeyd etdi ki, təhsil ocağının yetirmələrinin sorağı beynəlxalq müsabiqə və festivallardan gəlir. O, məktəbin kollektivinə yeni-yeni uğurlar arzuladı.

Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev tədbir iştirakçılarına nazir Əbülfəs Qarayevin salamlarını çatdırdı, pedaqoji kollektivin əməyini yüksək qiymətləndirdi.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə nümayəndəsi Zahid Abbasov çıxışında məktəbin uğur qazanmasını pedaqoji kollektivin öz işinə sevgi və məsuliyyətlə yanaşması ilə əlaqələndirdi.

Çıxışlardan sonra məktəbin müəllim və şagirdlərinin iştirakı ilə bədii hissə başladı. Məktəb xorunun ifasında Aygün Səmədzadənin “Azərbaycan” və “Laçın” xalq mahnıları alqışlarla qarşılandı. Şagirdlərin ifasında İzzət Əliyevanın “Prelüdiya”, Dmitri Kabalevskinin “Bizim ölkə”, Əlibaba Məmmədovun “Vətən yaxşıdır”, Süleyman Ələsgərovun “Rəqs-tokkato”, “Bilsəm sən gəlirsən”, “Nazilə” rəqsi, “Azərbaycan ritmləri”, J.Bizenin “Karmen” operasından süita, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin mahnısı, “Cəngi”, “Leyli və Məcnun” operasından rəqs, “Çırpınırdın, Qara dəniz” mahnısı, İldırım Məhərrəmovun “Şuşa yaylağı”, Arif Məlikovun “Gəl bizim dağlara”, Yuri Vesnyakın “Zəriflik” və s. əsərlər səsləndi. Beynəlxalq və

Respublika müsabiqələrinin laureatı, məktəbin “Təbəssüm” rəqs qrupunun ifasında səslənən “İncəlik” və “Xəzərim” rəqsləri xüsusi alqışlarla qarşılandı.

Məktəbin məzunu Mərkəz Əliyevin ifasında səslənən musiqi nömrəsi də tamaşaçılara xoş təsir bağışladı.

Azərbaycan Respublikasının Dövlət Bayrağının salona gətirilməsi, Həsən Məmmədov, Fatimə Məmmədovanın söylədikləri “Azərbaycan” seiri gurultulu alqışlarda qarşılandı. Xüsusilə tədbirin sonunda Emil Məmmədlinin və xorun ifasında səslənən, “Azərbaycan diyarı” adlı kompozisiya tədbirin kulminasiya nöqtəsi oldu və tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılandı.

Məktəbin direktoru M.Ağamirov hər il olduğu kimi 2017-2018-ci tədris ili üzrə “İlin Ən yaxşı” müəllimi adına layıq görülənlərin adlarını elan etdi. Bu ada Aygün Əsədova və Tinaytin Nağıyeva layiq görüldülər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şuşa rayon Komitəsinin sədri Yaşar İbrahimov məktəbi Diplomla təltif etdi.

Sonda məktəbin direktoru Mirkamil Ağamirov tədbirin ərsəyə gəlməsində əməyi keçən müəllimlərdən Kəmalə Əsədova, Sevda Vəliyeva, Etibar Əliyev, Həmid Məhərrəmov, Orxan Səfərov, Cəsur Abbasov, Aynur Ağamirova, Rövşən Bayramov, Gümanə Mərdiyeva, Murad Kəngərli və başqalarına təşəkkür elan etdi. Mərkəz Əliyev, İsa İsayev, Emin Məmmədliyə Fəxri Fərman, Aygün Əsədova və Tinatin Nağıyevaya isə Fəxri Diplom verildi.

Tədbirdə fəal iştirak edən bütün şagirdlər və “Təbəssüm” rəqs qrupu məktəbin Fəxri Fərmanı ilə təltif edildi.

Keçidlər