Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi Şuşa rayon İcra Hakimiyyətində qeyd edilmişdir

22 may 2018 | 16:00

 

 

Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə elmi konfrans keçirilmişdir.

Elmi konfransda Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Aparat işçiləri, tarixçi alimlər, idarə, müəssisə rəhbərləri, rayonun ümumtəhsil məktəblərinin tarix müəllimləri iştirak edirdi.

Elmi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov çıxış edərək bildirdi ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəldi və çox çətin şəraitdə fəaliyyət göstərdi. Azərbaycan Cümhuriyyəti yarandığı ilk günlərdən özünün ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qorumaq üçün fəal mübarizə aparmışdır. Azərbaycan hökumətinin ən başlıca vəzifəsi Dağlıq Qarabağda erməni separatizmini ləğv etmək idi. On doqquzuncu əsrin sonlarından başlayaraq erməni millətçiləri “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün geniş fəaliyyətə başlamış, Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün cəhdlər göstərirdilər. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi ermənilərin planlarının gerçəkləşməsinə imkan

vermədi. Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, ona aidiyyəti olmayan 7 rayonun – Ağdamın, Laçının, Zəngilanın, Füzulinin, Cəbrayılın, Qubadlının, Kəlbəcərin ərazisi işğal olunmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər həlak olmuş, 50 min nəfər yaralanmış, təxminən 5 min nəfər əsir və itkin düşmüşdür. Azərbaycanda 1 milyon 200 mindən artıq qaçqın və məcburi köçkün vardır. Möhtərəm Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi qəti və dəyişməzdir. O, dəfələrlə bəyan etmişdir ki, bu münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Dövlətimizin başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkənin mövqeyini və siyasi xəttini qətiyyətlə ifadə edir.

Sonra Azərbaycan Xalq Cümhuriyyəti haqqında sənədli film nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Kafedra müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynov, Sumqayıt Dövlət Universitetinin “Sosiologiya və politologiya” kafedrasının dosenti Cavid Məmiyev, Şuşa Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki

hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin, səhiyyənin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlərin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirdiyini qeyd etmişlər.

 

 

 

 

 

Keçidlər