“Sabahın gənc alimləri” – Şuşanın fəxri Turxan Bədəlov
"Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm sabahıdır, həm də ümididir". Heydər ƏLIYEV
Bu gün dünya gəncləri ilə bir sırada uğurla addımlayan Azərbaycan gəncliyi ölkəmizin dəyərli vətəndaşları olmaqla yanaşı, həm də millətimizi və dövlətimizi uğurla gələcəyə daşıyan böyük qüvvədir. Cəmiyyətin aparıcı qüvvəsi olan gənclik bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət, istedad, bacarıqla reallaşdıra bilər.
Torpağı işğal altında olan bir şəhərin – Şuşanın yeniyetmə və gəncləri öz doğma yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyir, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunur, öz əməlləri ilə o elə-obaya layiq olduqlarını sübut etməyə çalışır, mədəniyyət, incəsənət, elm, idman və digər sahələrlə yanaşı, “Kompüter elmləri” sahəsində də parlaq uğurlar qazanır, müxtəlif müsabiqələrdə rayonumuzu ləyaqətlə təmsil edirlər.
Belə yeniyetmələrdən biri də Bədəlov Turxan Yaşar oğludur. Turxan 22.02.1997-ci ildə Rusiya Federasiyası Kemerovo vilayətinin Prokopyevsk şəhərində anadan olmuşdur. Kemerovo vilayətində təhsil aldığı illər ərzində dəfələrlə əla oxuduğu və kompüter sahəsində yüksək biliklərə sahib olduğu üçün məktəbin direktoru Pronyakina, Vilayətin Qubernatoru A. Tuliyev və şəhərin meri Qaranin tərəfindən tərifnamə və diplomlara layiq görülmüşdür.
Turxan hələ uşaq yaşlarından informatika sahəsinə böyük maraq göstərmiş və bu sahə üzrə keçirilən bütün yarışlarda, müsabiqələrdə, intellekt oyunlarında həmişə iştirak edir və yüksək nailiyyətlər əldə edir.
Turxanın ən böyük qələbələrindən biri də 2011-ci ilin may ayında Bakı şəhərində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir” adlı müsabiqədə kompüter layihələri nominasiyası üzrə 2-ci yer tutaraq, Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən Diploma layiq görülməsidir.
Yeniyetmə yaşında bir çox uğurlu nailiyyətlər əldə edən Turxan Bədəlov 2012-ci ildə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən yuxarı sinif şagirdləri arasında keçirilən “Sabahın Alimləri” respublika müsabiqəsində “Kompüter elmləri” nominasiyası üzrə “Elketron dərslik” layihəsi ilə 2-ci yeri tutaraq, gümüş medal almış, Diplomla təltif olunmuşdur.
Gələcəyin alimliyinə namizəd olmağa öz qələbələri, elmi kəşfləri ilə nail olan istedadlı gənc - Turxan Bədəlov 2013-cü ildə də möhtəşəm qələbəyə imza atmışdır. Belə ki, fevral ayının 7-8 də keçirilən “Sabahin alimləri” II respublika müsabiqəsində “Kompüter elmləri” üzrə öz ixtirası ilə qalib gələrək 2-ci yerə layiq görülmüş, gümüş medal qazanmış, Diplom və pul mükafatı ilə qiymətləndirilmişdir. Elə həmin il Turxan Kiprdə keçirilən «Gənc alimlər» beynəlxalq müsabiqəsində öz layihəsi ilə qalib gələrək, diplomla təltif olunmuşdur.
Müasir dövrümüzdə siqnalizasiya sistemlərinin növləri nə qədər çox olsa da, siqnalizasiyalara tələbat həmişə vardır. Turxanın təqdim etdiyi “Lazer siqnalizasiyası” çox vəsait tələb etməyən bir neçə hissədən ibarətdir. Həmin hissələrdən biri kompüter siçanı, göstərici şüa və idarə edən isə “gənc alim” tərəfindən “Delphi proqramlaşdırma” dilində hazırlanan proqramdır. Layihənin hazırlanmasının əsas məqsədi ondan ibarətdir ki, belə növ siqnalizasiyaların hazırlanması minimal xərclərə çatsın və obyektlərin təhlükəsizliyinin qorunmasına xidmət etsin. Bu lazer siqnalizasiyası şüanın qırılmasının əsasında işləyir.
2014-cü ildə Turxan Bakı Dövlət Univeristetinin Tətbiqi riyaziyyat və Kibernetika fakültəsinə daxil olur və ingilis dilində kompüter bilkləri üzrə təhsil alır.Tələbəlik illərində bir çox uğurlara, kəşflərə imza atan həmyerlimizin uğurları ildən-ilə daha da çoxalır.
Belə ki, 2018-ci il may ayının 2-də Bakı Ali Neft Məktəbinin təşki- latçılığı ilə tələbələrin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ci ildönümünə həsr olunmuş Respublika elmi-texniki konfransında özunun hazırladığı “Wi-fi file manager” proqram layihəsinə görə Turxan Bədəlov 1-ci yer tutaraq diploma layiq görülmüşdür.
2018-ci il may ayının 4-də Bakı şəhərində IT Step Akademiyanın təşkilatçılığı və AzərTelekomun dəstəyi ilə keçirilən Region “Colden Byte” İnformasiya Texnologiyası üzrə yarışda 31 layihə içərisində öz layihəsinə görə 1-ci yer tutan Turxan final mərhələsində qalib olaraq qızıl medala layiq görülmüşdür.
2018-ci ildə may ayının 19-20-də Kiyev şəhərinin Şevçenko adına Universitetində “Qızıl Bayt“ Beynəlxalq yarışında regional finalda 1-ci yeri tutmuş iştirakçılar öz layihələrini təqdim edirdilər. Münsiflər heyətində Mikrosoft , İntel, Unisoft və Wargaming kimi məşhur şirkətlərin nümayəndələri var idi. Mükafatlandırma mərasimində 3 nominasiya üzrə Azərbaycan qalib gəlmiş ölkələr sırasında oldu.
Sevindirici haldır ki, Azərbaycanı təmsil edən həmyerlimiz Turxan Bədəlov “Mobile Development” nominasiyası üzrə “ Wi – fi file manager” layihəsinə görə 2 - ci yer tutaraq gümüş medalla vətənə dönmüşdür.
Əlavə olaraq qeyd edək ki, bu blik və yeni ixtiralar yarışı artıq dünyada 10 –cu dəfə keçirilir. 10 minlərlə iştirakçısı olan dünyanın 10 ölkəsi içərisində Azərbaycan bu yarışda 2-ci dəfədir ki, iştirak edir.
2018-ci ildə univeristeti bitirən Turxan xaricdə təhsil almaq, elmi biliklərini daha da inkişaf etdirmək məqsədilə Estoniyanın Tartu Univeristetinin magistr pilləsinə daxil olaraq, Azərbaycan elminə öz layiqli töhfələrini verəcəkdir.
Gənc yaşında bu cür böyük uğurlara imza atan Turxan inanırıq ki, gələcəyin, Şuşanın alimləri sırasına qoşulacaq, öz elmi ixtiraları, kəşfləri ilə bizləri sevindirəcəkdir.
Bütün elmi, fitri istedadı ilə tanınan Turxan, eyni zamanda, həddən ziyadə mədəni səviyyəsi yüksək olan alovlu bir vətənpərvər, əsl patriotdur. Belə ki, o, doğma vətənindən uzaqlarda doğulsa da, “şuşalıyam” kəlməsini hər dəfə böyük iftixarla dilə gətirir, sosial şəbəkələrdə erməni təbliğatına qarşı amansız mübarizə aparır.
Bis səninlə fəxr edir, yolların açıq olsun deyirik. O gün olsun ki, torpaqlarımız işğaldan azad olunsun, sən öz elmi ixtiralarınla, kəşfinlə Şuşa elminə, mədəniyyətinə, iqtisadiyyatına, texnologiyalar sahəsinə möhtəşəm töhfələrini ərməğan edəsən, Turxan!
Turxan Bədəlov “Sabahin alimləri” II respublika müsabiqəsində.