Şriftin ölçüsü :

Saytın rəngi :

“Uzaq və yaxın Polşa kitabının polyak dilində təqdimatı

09 iyun 2018 | 16:00

Tanınmış yazıçı-publisist Rövşən Ağayevin “Uzaq və yaxın Polşa” kitabının təqdimatı keçirilib

09 iyun 2018-ci il tarixdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın mərkəzi qərargahında tanınmış yazıçı-publisist Rövşən Ağayevin polyak dilində “Uzaq və yaxın Polşa (Dalyokaya i blizkaya Polşa)” kitabının təqdimatı keçirilib.

Rövşən Ağayev 1972-ci ildən 1980-ci ilədək neft sənayesi müəssisələrində, 1983-1992-ci illərdə mətbuat orqanlarında və müxtəlif dövlət vəzifələrində çalışıb. O, 40-dan çox elmi, 100-dən artıq publisistik məqalənin müəllifidir. 1990-cı ildə məhsuldar əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. “Zaman, hadisələr, faktlar”, “Razqovor s sınom” adlı kitabların müəllifidir.

Tədbirdə Milli Məclisin deputatları, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov, icma üzvləri, respublikanın tanınmış ziyalıları, ictimai-siyasi xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən Bayram Səfərov təqdimatı keçirilən kitabı Azərbaycan ilə Polşa arasında dostluq və qardaşlıq əlaqələrinə növbəti töhfə kimi dəyərləndirib. Xalqlarımız arasında əlaqələrin tarixindən və bu günündən ətraflı danışan Bayram Səfərov tanınmış publisist Rövşən Ağayevin adıçəkilən əsərində məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayıb. Qeyd edib ki, XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və digər sahədə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslərin, o cümlədən Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının mühüm rolu olub. “Uzaq və yaxın Polşa” kitabı da Azərbaycan gənclərinin Polşanı tanımasında və sevməsində önəmli rol oynayacaq.Bayram

Səfərov kitabda Azərbaycanın Şuşa şəhəri haqqında gözəl təəssüratlarla rastlaşdığını, Şuşadan olan görkəmli şəxsiyyətlərin Polşadakı həyatı ilə bağlı maraqlı yazıların olduğunu diqqətə çatdıraraq bildirib ki, Polşada general Səməd bəy Mehmandarovun xidmət illəri, Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun qrammofon valları yazdırmaları, Rəşid Behbudovun konsertləri, şərqşünas alim Teodor Şumovskinin Qarabağla bağlı zəngin tədqiqatları oxucuda geniş təsəvvür yaradır.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları akademik Ziyad Səmədzadə, Elman Məmmədov, Flora Qasımova, Xalq Yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev, “İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru, professor Rafiq Əliyev, Bakı Slavyan Universitetinin prorektoru, professor Rafiq Novruzov, həmin Universitetin müəllimi, tərcüməçi Lyudmila Talıbova, İctimai Televiziya və Radio Yayımları Şirkətinin məsul əməkdaşı Yusif Hüseynov “Uzaq və yaxın Polşa (Dalyokaya i blizkaya Polşa)” kitabının XIX əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər mühüm hadisələri əhatə edən dəyərli nəşr olduğunu söyləyib, Azərbaycan-Polşa əlaqələrinin inkişafına bu kitabın dəyərli töhfə olduğunu bildiriblər. Çıxış edənlər polyakların Azərbaycana həmişə doğma vətən kimi yanaşdıqlarını, bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdırıb, əsərin bədii və siyasi məziyyətlərini, ciddi siyasi məzmuna malik olduğunu vurğulayıblar.

Çıxışlarda bu kitabın film şəklində işıqlandırılmasına dair arzular da ifadə edilib.

Kitabın müəllifi Rövşən Ağayev əsərinin ideyasının iki xalqın tarixən bir-birinə yaxınlığını diqqətə çatdırmaq olduğunu vurğulayıb: “Polşalıların Azərbaycandakı həyatı bizim xalqımızın, azərbaycanlıların Polşadakı həyatı isə polyak xalqının tarixinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu,

bizim tariximizdir”.Rövşən Ağayev tədbirin təşkilatçılarına və iştirakçılarına, nəşrin işıq üzü görməsində göstərdiyi dəstəyə görə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə Polşa və Azərbaycan haqqında fotoslaydlar nümayiş etdirilib.

Keçidlər