31 Mart - Azərbaycanlıların soyqırımı günü
29 mart 2024-cü il tarixində Şuşa Rayon İcra Hakimiyyətində “31 Mart-Azərbaycanlıların soyqırım günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirdi ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə hər il 31 mart-Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Tarixi araşdırmalar göstərir ki, ermənilər xarici havadarlarının köməyi ilə təkcə XX əsrdə xalqımıza qarşı dörd mərhələdə soyqırımlar törətmişlər. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə yüz minlərlə azərbaycanlı etnik təmizləməyə və deportasiyaya məruz qalmış, milli mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilmiş, düşmən tarixi torpaqlarımız hesabına ərazilərini genişləndirməyə nail olmuşlar. Azərbaycanlılara qarşı soyqırım planını reallaşdırmağa başlayan ermənilər 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, Bakı quberniyası ərazisində, Şamaxı, Quba, digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələrini dağıdıb, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan edib. 1988-1990-cı illərdə də ermənilər 200 min nəfərdən artıq azərbaycanlını öz tarixi torpaqları olan indiki Ermənistan ərazisindən insanlığa yaraşmayan vəhşiliklərlə qovub çıxardılar. Sumqayıtda, Bakıda qırğınlar törətdilər. 1990-cı il yanvarın 20-də Bakıda yüzlərlə günahsız, dinc sakinləri qətlə yetirən silahlı qoşun birləşmələrinin tərkibi də əsasən ermənilərdən ibarət idi. Ermənilər 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə 366-cı rus alayının köməyi ilə Xocalıda misli görünməmiş qəddarlıqla yeni soyqırım törətdilər. Xocalı soyqırımında daha 613 nəfər azərbaycanlı dinc sakin vəhşicəsinə qətlə yetirildi.
Vüsalə Fətəliyeva qeyd etdi ki, azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırıldı. Geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövlətinin, onun beynəlxalq aləmdə getdikcə artan siyasi nüfuzundan, dünya azərbaycanlılarının və ölkəmizin dostlarının gündən-günə möhkəmlənən həmrəyliyindən, güclü Azərbaycan ordusunun qüdrətindən danışan Vüsalə Fətəliyeva bildirdi ki, 2020-ci il ölkəmiz üçün istər siyasi, diplomatik, hərbi, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Tarixi ədalət bərpa olundu, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu. İkinci Vətən müharibəsindəki Şanlı Qələbə və bu ilin sentyabrın 19-da cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır, işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün dövlətimiz tərəfindən bütün müvafiq addımlar atılır.
Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov, Başçının köməkçisi Anar Sadıqov, Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Nigar Eyvazova öz çıxışlarında bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiyməti verilib, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısı cənab İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilib.