Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində «15 iyun- Milli Qurtuluş Günü» qeyd edilmişdir

13 iyun 2018 | 16:00

 

1993-cü il iyunun 15-i müstəqil Azərbaycanın siyasi tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldı. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin həll edildiyi ən ağır günlərdə ümummilli lider Heydər Əliyev xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Ümummilli liderin ölkə rəhbərliyinə qayıdış günü ölkəmizdə ən əlamətdar bayramlardan olan “Milli Qurtuluş Günü” elan edilmişdir.

Respublikamızda geniş qeyd olunan bu bayram münasibətilə Şuşa rayon İcra Hakimiyyəti, rayonun mədəniyyət müəssisələri, Şuşa şəhər 8 nömrəli orta məktəbinin və Malıbəyli kənd Uşaq Musiqi məktəbinin şagirdlərinin iştirakı ilə “Milli Qurtuluş Günü”nə həsr olunmuş geniş tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir başladı.

Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışmış, ulu öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs etmişdir.

Cənab Bayram Səfərov öz çıxışında ümummilli liderin hakimiyyətə qayıdışı barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir: “Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı, Milli Ordu formalaşdırıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Heydər Əliyev bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs rejiminin imzalanmasına nail oldu. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsində idi. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Beləliklə, 15 iyun bizim tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 15 iyun - Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi.”

«15 İyun-Milli Qurtuluş Günü» haqqında sənədli film nümayiş etdirilmişdir.

Sonra Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Şuşa rayon Təhsil şöbəsinin müdiri, YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin rəisi Sarı Bərxudarov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Uşaq-Gənclər İdman məktəbinin direktoru Əbülqasım Novruzov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa edilməsindən, onun apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmasından danışdılar.

“Milli Qurtuluş Günü”nə həsr olunmuş rəsmi hissədən sonra bədii hissə başladı. Bədii hissədə Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin, Şuşa şəhər 8 nömrəli tam orta məktəbinin və Malıbəyli kənd Uşaq Musiqi məktəbi şagirdlərinin bayram təbriki maraqla qarşılanmışdır.

 

 

 

 

 

Keçidlər