Şuşa rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir
17 iyul tarixində Şuşa rayonu üzrə 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı B.Səfərovun hesabat məruzəsi dinlənilmişdir. B. Səfərov məruzəsində bildirmişdir ki, iyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dövlət başçısı giriş nitqində 2018-ci ilin birinci yarısında ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, aprel ayında keçirilmiş prezident seçkilərinin Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulamış, bildirmişdir ki, ədalətli və şəffaf keçirilən seçkilərlə Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir.
Ölkənin xarici siyasətinin uğurlarından danışan dövlət başçısı qeyd edib ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülüb. Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilib. Qonşu dövlətlərlə ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri var. Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Dövlət başçısı vurğulayıb ki, aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib.
Cənab Prezident Dağlıq-Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır. Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcud olduğu halda, Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Azərbaycan Prezidenti qeyd edib ki, bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır. Cənab Prezident bildirmişdir ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi-bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir.
İcra başçısı əhalinin sosial müdafiəsi məsələlərindən, təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, rayon üzrə ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.
Rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev, Şuşa rayon Təhsil şöbəsinin müdiri, YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Şuşa rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini-maliyyə təsərrüfat sektorunun müdiri Emin Bağırov məruzə ətrafında çıxışlar etmişlər.
Məsələ ilə bağlı qərar layihəsi qəbul edilmişdir.
Yığıncağın sonunda iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmağa cəhd göstərmələri Şuşa rayon əhalisi tərəfindən ciddi şəkildə pislənildi. Rayon ictimaiyyətinin nümayəndələri hesab edirlər ki, bu cür qanunazidd hərəkətlər Azərbaycanı istəməyən qüvvələrin növbəti təxribatı, ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Baş verən hadisələr isə göstərir ki, dövləti, sabitliyi, inkişafımızı hər an qorumalıyıq və Azərbaycan xalqı, dövləti buna qadirdir.