Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon təhsil işçilərinin 2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib

11 sentyabr 2018 | 16:00

 

Sentyabr ayının 11-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbində rayon təhsil işçilərinin 2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib. Konfransdan əvvəl tədbir iştirakçıları məktəbin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.

Konfransda Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatları-Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Nizami və Nəsimi rayon məktəblərinin direktorları, müəllimlər, ali məktəbə bu il daxil olan tələbələr və onların valideynləri iştirak edirdi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Şuşa rayon Təhsil İdarəsinin müdiri Təvəkkül Əliyev 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Şuşa rayonu üzrə 21 ümumtəhsil, təhsil şöbəsinin nəzdində 1 idman məktəbi və 1 Uşaq Yaradıcılıq İnkişaf Mərkəzi fəaliyyət göstərir. Rayon üzrə fəaliyyət göstərən 21 ümumtəhsil məktəbində 2017-2018-ci tədris ilində 4274 nəfər şagirdin təlim-tərbiyəsi ilə 439 nəfər müəllim məşgul olmuşdur. May - iyun aylarında müəllimlərin diaqnostik qiymətləndirilməsində rayon üzrə 70 nəfər müəllim iştirak edib. Bildirilmişdir ki, bu il XI sinfi bitirən məzunların 75%-i ali məktəbə sənəd vermiş, onlardan 66%-i ali və orta ixtisas müəssisələrinə qəbul olunmuşdur.Qəbul olunan məzunlardan 9 nəfəri 500-700 arası bal toplamışdır.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı,"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov pedaqoji kollektivləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb, həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. B.Səfərov son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsində Azərbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar.

M.İbrahimqızı, S.Vəliyeva, Təhsil Nazirliyinin əməkdaşı Asəf Hacıyev, rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, müəllimlər, valideynlər, Şuşa rayonu üzrə ən yüksək bal toplamış Türkan Kərimova təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, müəllimlər şagirdlərimizin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə almalarına çalışırlar.

Konfransda YAP-ın Nəsimi və Nizami rayon təşkilatlarının sədrlərinin təşəbbüsü ilə Bakı şəhəri Nəsimi rayonu 62 nömrəli və Nizami rayonu 247 nömrəli məktəblərlə Şuşa rayonunun bölgələrdə yerləşən 18, 19, 21 nömrəli məktəbləri arasında niyyət protokolu imzalanmışdır.

Konfransın qərarı oxunduqdan sonra iştirakçılar Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Təhsildə fərqlənən müəllimlər və bu il ali məktəbə daxil olan tələbələr mükafatlandırılıblar.

 

Keçidlər