Şriftin ölçüsü :

Saytın rəngi :

“Karabaxskaya oteçestvennaya: oni umirali çestno” kitabının təqdimat mərasimi

07 iyul 2014 | 15:00

İyulun 7-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi tərəfindən Azərbaycanın Əməkdar Jurnalisti Tatyana Çaladzenin “Karabaxskaya oteçestvennaya: oni umirali çestno” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Qarabağ döyüşçüləri, Şuşa rayon ictimaiyyətinin  nümayəndələri iştirak etmişdir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri-icma rəhbəri  Bayram Səfərov  təqdimat mərasiminin Ağdərə rayonunun ermənilər tərəfindən işğalı ilə eyni günə düşdüyünü diqqətə çatdırmışdır.
Torpaqlarının ərazi bütövlüyü  uğrunda şəhid olmuş  Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Bayram Səfərov bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində , dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu bizim hər birimizdə torpaqlarımızın tezliklə erməni işğalçılarından azad olunacağına tam əminlik yaratmışdır. 
Bayram Səfərov öz çıxışında qeyd etmişdir : “  Tatyana Çaladze Latviyada anadan olmuş və orada jurnalist fəaliyyətinə başlamışdır. O, 1992-ci ildə Dağlıq Qarabağ müharibəsini işıqlandırmaq,  Azərbaycanın haqq səsini dünyaya tanıtmaq üçün  ölkəmizə gəlmişdir. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 21 iyul 2010-cü il tarixli Sərəncamı ilə Tatyana Çaladze Azərbaycan Respublikasının “Əməkdar Jurnalisti”  fəxri adına layiq görülmüşdür.  Onu Azərbaycana gətirən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ermənilərin yalançı iftiraları haqqında birtəfəli məlumatların yayılması idi. Bu kitabda göstərildiyi kimi,  Tatyana Çaladze  döyüş zonalarının ən qaynar nöqtələrində olmuş, döyüşlərdə iştirak etmiş, yaralanmışdır.   Tatyana xanım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında bir çox məqalələrin müəllifidir. O,erməni terror təşkilatlarının bəşəriyyət əleyhinə törətdiyi cinayətlər haqqında məsələni açıq şəkildə qaldırmış ilk əcnəbi jurnalistlərdən biridir.   Bu kitabda erməni silahlı  qüvvələrinin törətdiyi vəhşiliklərin canlı şahidi  olan Tatyana Çaladze öz xatirələrindən, Azərbaycanın igid oğlanlarının keçdiyi döyüş yolundan bəhs etmişdir. Tatyana Çaladze Ağdam, Ağdərə, Füzuli  döyüş bölgələrində olmuş, döyüşçülərin  vətən uğrunda savaşını  gündəlik olaraq qələmə almışdır.  Rusca yazılan bu kitabın Azərbaycan dilinə tərcümə edilməsi və ümumtəhsli məktəblərində yayılmasını çox məqsədəuyğun hesab edirəm. Çünki, yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi baxımından bu kitab çox əhəmiyyətlidir. “
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədov Dağlıq Qarabağ  muxtariyyətinin yaradılması tarixindən söz açmış,  işğalının 21-ci ilini yaşayan  Ağdərə rayonu haqqında  tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirmişdir ki, “Baltiyskoye vremya” qəzetinin baş redaktoru olmuş Tatyana Çaladzenin  bu kitabında Azərbaycan həqiqətləri öz əksini tapmışdır. Bəzən həqiqəti demək olmur, amma T. Çaladze həqiqəti deməklə erməniləri ifşa etmişdir. Xocalı faciəsi haqqında materiallar toplamış və çalışdığı qəzetin bir nömrəsini ölkəmizə həsr etmişdir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Qarabağ haqqında həqiqətlərin növbəti dəfə Azərbaycan auditoriyasından kənara çıxarması baxımından müəllifin əsərini yüksək qiymətləndirmişdir.
Mərasimdə çıxış edən   DİN-in təqaüddə olan polkovniki Ramiz Cahangirov, istefada olan hərbiçi, polkovnik Əzizağa Qənizadə, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, Qarabağ əlili Natiq Səmədov, Qarabağ müharibəsi veteranı Nəriman və digərləri Tatyana Çaladze ilə bağlı kövrək xatirələrindən, müharibə ərəfəsində onun məcburi köçkünlərlə bərabər çəkdiyi əzablarından, qorxmaz və mərdliyindən, təvazökarlığından,  insanpərvərliyindən söz açmışlar.
Sonra   Azərbaycan Respublikasının Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Elman Paşayev  istedadlı qələm sahibi tərəfindən yazılan kitab haqqında öz mülahizələrini bildirmişdir. E. Paşayev qeyd etmişdir ki,  kitabın başqa dillərə tərcümə olunması informasiya baxımından erməni təbliğatına üstün gəlmək üçün çox faydalı olardı.
Sonda kitabın müəllifi Tatyana Çaladze bugünkü mərasimi yüksək səviyyədə təşkil etdiyinə görə Bayram Səfərova öz təşəkkürünü bildirmişdir.

Keçidlər